Gürcüstanda zorakılığa məruz qalan azərbaycanlı jurnalistin şikayətinə baxan yoxdur...

Artıq 7-cı aydır ki, Marneulidə azərbaycanlı jurnalistə edilən zorakılığa aid qaldırılmış cinayətə hüquq-mühafizə orqanları cavab vermirlər. Azərbaycanın Əməkdar jurnalisti, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Gürcüstan Azərbaycanlılarının Xəbər Agentliyinin (GAXA.ge) təsisçisi və baş direktoru, Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri Nizami Məmmədzadəyə fiziki güc, mənəvi təhqir olunsa da daxili işlər nazirliyinin Marneuli Rayon Polis Şöbəsi və rayon prokurorluğu bu cinayətlə maraqlanmır. Jurnalist dəfələrlə Marneuli rayon prokurorluğuna ona edilən zorakılığla bağlı qaldırılan cinayətlə bağlı hansı işlər görülüb sualına cavab verilməsini tələb etsə də hüquq-mühafizə orqanlarının əməkdaşları hadisəyə başdansovdu yanaşıblar. Marneuli Rayon Polis şöbəsində ondan ətraflı izahat alınsa da yenə də bu cinayət açılmamış qalıb. Gürcüstanda Azərbaycandilli sayt rəhbərinin şikayətinə baxılmamaq onu göstərir ki, bölgədə milli azlıqlara diqqət yoxdur.

Hadisə barədə faktların sənədləşdirilməsinə baxmayaraq, hüquqları tapdalanan jurnalist dəfələrlə öz haqqını tələb etsə də hüquq-mühafizə orqanları onun bu istəyinə etinasızlıqla yanaşırlar.

Jurnalist başına gələn mənəvi təhqir və ona olunan cinayət əməlləri haqqında rəhbərlik etdiyi Gürcüstan Azərbaycanlılarının Xəbər Agentliyi (GAXA.ge) saytında və Facebookda ətraflı məlumat verməsinə baxmayaraq heç bir Azərbaycandilli KİV onun bu xəbərinə səs verməyib, ona dəstək olmayıblar.

Nizami Məmmədzadə, Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri, GAXA.ge saytının rəhbəri, Azərbaycanın Əməkdar jurnalisti, AYB-nin üzvü