Marneulidə yerli biznes üçün imkanlar adlı seminar keçirilib

AB-Gürcüstan Biznes Şurası (EUGBC) 8-9 sentyabr tarixlərində Marneulidə AB-Gürcüstan Dərin və Hərtərəfli Sərbəst Ticarət Sazişi (DCFTA) çərçivəsində Gürcüstan üçün biznes İmkanları mövzusunda seminar keçirib. GAXA-nın məlumatına görə, tədbir Qafqaz otelində baş tutub.

Seminarda EUGBC-in direktoru Qiorqi Kaçarava, İqtisadi İslah Mərkəzinin rəsmisi Qiorqi Çitadze və digər nümayəndələr yerli kiçik və orta sahibkarların AB-Gürcüstan Sərbəst Ticarət Sazişi (DCFTA) çərçivəsində davam edən islahatlar haqqında ətraflı məlumat verərək, məhsulların uğurlu ixracı və biznesin inkişafı üçün bütün imkanlardan istifadə yolları barədə fikirlərini bildiriblər.

Seminar sual-cavab şəkilində davam edib.

Tədbirdə vətəndaş cəmiyyəti təşkilatlarının, biznes birliklərinin və QHT rəhbərləri, jurnalistlər iştirak ediblər.

 Məlumata görə, Marneulidən başqa, Gürcüstanın 7 bələdiyyəsində eyni məzmunlu seminarlar keçiriləcək və burada vətəndaş cəmiyyəti təşkilatlarının, biznes birliklərinin və yerli hakimiyyət orqanlarının nümayəndələri iştirak edəcək. Seminarlar Avropa Fondunun dəstəyi ilə AB-Gürcüstan Biznes Şurası (EUGBC) tərəfindən aparılacaq.

Seminarda qeyd edilib ki, Avropa Fondu ilə EUGBC arasındakı əməkdaşlıq Gürcüstanın Avropa İttifaqı ilə Dərin və Hərtərəfli Sərbəst Ticarət Sazişi (DCFTA) haqqında Gürcüstan bölgələrindəki ictimai təşkilatların məlumatlılığını artırmaq məqsədi daşıyır.

GAXA.ge