Saakaşvili: Bu seçkiyə gələcəyəm, həbsdən qorxmuram
Bu gün Gürcüstanın üçüncü prezidenti Mixail
Saakaşvili video ilə gürcü xalqına müraciət edib. Aşağıda M. Saakaşvilinin
müraciətinin tərcüməsini oxucularımıza təqdim edirik:
Mixail Saakaşvili- "Hər birinizi salamlayıram. Bir çoxları 2 oktyabr tarixində keçirilməyi nəzərdə tutulan referendumla bağlı mənim düşüncələrim barədə soruşur. İvanişvili Avropa İttifaqı tərəfindən hazırlanmış bu sənəddən çıxdığına dair verdiyi açıqlamasına baxmayaraq, gürcü xalqı və Avropa bu sənəddən çıxmayıb, imtina etməyib. Bəli, 2 oktyabrda İvanişvili hakimiyyətinə etimadsızlıq elan etmək üçün referendum keçiriləcək. Bədbəxtliyin, kasıbçılığın, ailələrin və Gürcüstanın dağılmasının sona çatması üçün ölkədə yaşayan hər bir insan özü üçün qərar qəbul etməli, bu referenduma qatılmalı və İvanişvilinin dırnaqarası arzusunun əleyhinə səs verməlidir. Bu, Gürcüstanın xilası üçün bizim vətənpərvərlik borcumuzdur. Gürcüstanda dəyərlərimiz məhv olur, əhali gündəlik olaraq kütləvi şəkildə ölkəni tərk edir. Bizim tarixi dəyərlərimiz, kilsə, yaşam tərzi, uşaqlarımızın gələcəyi məhv olur. Biz bununla barışmayacağıq. Bu, artıq son həddir, hər kəs səsini çıxarmalıdır və hamımız bu prosesdə iştirak etməliyik. Buna görə də İvanişviliyə öz oyununu yenidən oynamaq, saxtakarlıqlarına, Gürcüstanı tərk etmiş insanların şəxsiyyət vəsiqələrindən istifadə etmək kimi addımlarını təkrar həyata keçirmək imkanı verməməliyik. O, əlbəttə ki, hər şey edəcək, ancaq bu dəfə biz ona cavab verməliyik. Biz cavab verməyi öyrənməliyik, onlar şiddətə keçərlərsə, biz bu əli onlara geri qaytarmalıyıq. Biz qarışıqlıq, zorakılıq, kiminsə bizə şiddət göstərməsini istəmirik. Gürcüstanda yaşayan xalqların dəyərləri və qüruru var və biz insan kimi yaşamaq istəyirik. Demək istəyirəm ki, şəxsən mən bu seçkilərdə Gürcüstana gələcəyəm. Mən, həmçinin xaricdə yaşayan həmvətənlərimizə səslənirəm. İmkanınız varsa məzuniyyət götürün, hava yolu və ya quru yol ilə hər birimiz birlikdə Gürcüstana gedək. Bilirsiniz ki, mənə qarşı cinayət işi açılıb və həbs qərarı verilib, ancaq buna baxmayaraq dünyanın bütün ölkələrinə, Gürcüstanın qonşu ölkələrinə problemsiz şəkildə səfər edirəm və hamı məni qəbul edir, heç kim mənə qarşı açılan cinayət işi barəsində sual vermir. Mən həbsdən qorxmuram, çünki əminəm ki, Gürcüstanda yaşayan xalqlar həm özlərini, həm də məni azad edəcəklər. Bundan başqa qeyd edim ki, İvanişvili oğurladığı hər bir qəpiyi, Gürcüstan vətəndaşına, övladlarından ayrı düşən, xaricə işləməyə gedən valideynlərə, işini itirənlərə, kəndlilərə, banklardan kredit götürməyə məcbur olan vətəndaşlara, covid pandemiya fonunda verdiyi qərarlara görə ölüm hallarının ölkədə iki dəfə artdığına görə verdiyi zərərin qarşılığını geri qaytaracaq. Mən bu barədə gürcü xalqına söz verirəm. Geriyə yol yoxdur. Biz ölkəmizi və övladlarımızın gələcəyini itiririk. Qeyd edim ki, bu dəfə bizim həqiqətən də qalibiyyətimizin alternativi yoxdur. Gürcüstanda yaşayan xalqların qalibiyyət vaxtıdır. Mən sizin hər birinizlə fəxr edirəm. Əminəm ki, İvanişvili öz bataqlığında batacaq. Biz dəyərli, qürurlu və seçilən xalqıq."
GAXA.ge