Lal ördəklərin sükutu...

(Felyeton əvəzi)

Kimdə beyin varsa, o, öz sözünü deyə bilir. Beyin yoxdursa, qulaq var. Bəzi rəhbərlər bu beyinsiz deputatların qulağından tutub sözləri dedizdirirlər! Qulağı çəkilən deputatlar isə lal ördəklər kimi susurlar...

Görəsən, deputatlar harda oturduqlarını bilirlərmi? Yoxsa, şəkil çəkdirməyimi sevirlər? Deputat hansı işlə məşğul olmalıdır? Onlar nə işlə məşğul olduqlarını bilmirlər! Bu papaq o papaqdır, bu yol da eyni yoldur. Amma, baş o baş deyil!...

Onlar parlamentdə lal ördəklərə bənzəyirlər. Deputatların bu lallığını görən seçicilər indi onları kor qıza bənzədirlər. Axı, kor qız onların nə etdiyini görmür, amma kartofla soğanın iyisini bilir...

Seçicilərə göstərişlər verən, onların verdiyi ədalətli və şəffaf azad səsi saxtalaşdırmaqla qələbə qazanacaqlarını düşünən məmurlar nə vaxtsa haqqın səsini duyacaqlar və onda ömür qatarına aldıqları bilet yanmış olacaq!

Keçən seçkilərdə “qələbə” qazanmış deputatlar və yaxud mer vəzifəsinə namizəd müəllimlərin səsinə ehtiyacları var deyə onları dəstəkləyən bir qrup vətəndaşların, xüsusən müəllimlərin köməyi ilə səs qazandılar. Amma seçkilər zamanı yaradılan komissiyaların üzvlərinin, səsvermə zamanı müşahidəçi olan şəxslərin çəkdikləri videoların qurbanı olan bir qrup seçici və bəzi komissiya üzvləri 4 min lari cərimələndilər.

Bu il isə seçkilər ərəfəsində namizəd haqqında təbliğat və təşviqat işləri aparan müəllimlər aşkar olunarsa, onlar 2 min məbləğində cərimə olunacaqlar. İndi deyin görək, hansı müəllim oğul-uşağının çörəyini kəsib ona kəsilən cəriməyə verəcək. Düşünürəm ki, müəllimlər qətiyyən belə addım atmayacaqlar. Məhz bu səbəbdən namizədlər və vəzifə sahibləri olan məmurlar gizlincə “iş” görmək üçün plan cızacaqlar.

Hər gecənin bir gündüzü olduğu kimi cəmiyyət içində vicdanlı, uzaqgörən insanlar da var. Şübhəsiz ki, seçkilər zamanı səsverməni saxtalaşdırmağa çalışanlar ya yerli, ya da beynəlxalq təşkilatlar tərəfindən ciddi nəzarətə götürüləcəklər.

Mənim isə bizim övladlarımız olan şagirdlərə dərs deyən, həqiqəti öyrədən müəllimlərə sözüm var; düşünün və öz ağlınızla hərəkət edin və sizi yoldan çıxarmaq istəyən saxtakarların yalan dolu vədlərinə inanmayın! Siz isə onların yalan vədlərinə inanıb seçkilər zamanı səsvermədə yanlış addımlar atsanız, bilinki nəticəsi pis olacaq və sonrakı peşmançılıq fayda vermədiyi kimi siz də səhv addımlarınızdan sonra ayılanda artıq gec olacaq!

Nizami Məmmdzadə, əməkdar jurnalist