Əlində çombağ olan iqtidar nə fikirləşir?..

İstər bu gün, istər dünən və bir neçə ay bundan əvvəl iqtidarın əlində olan çombağ durmadan işləyir. Qayda-qanunu gözləyən, əməl edən yoxdur. Polis “xaçoyam xançalım var” deyə əhalini incidir, döyür, təhqir edir və törədilən cinayətlərin, mənəvi təhqirlərin isə nəticəsi yoxdur.

Ağzında dili titrəyən, söz deyəndə çaşıb qalan namizədlər irəli sürülür. Bu, kimlərəsə xeyir edir deyə onlara canfəşanlıq edirlər. Marneulidə mer vəzifəsinə namizədin təqdimatı artıq təşkil olunub. Bu yaxınlarda isə mer vəzifəsinə eyni adamın ikinci dəfə təqdimatı keçirilib. Bir merin namizədliyinə həsr olunmuş ictimaiyyətə təqdimat mərasimi niyə iki dəfə keçirilir? Bundan əvvəl parlament deputatları Zaur Darğallı və Savalan Mirzəyevin iştirakı ilə mer vəzifəsinə namizədin təqdimatı olub. Onların hansı maraqları var? Hələ bu azmış kimi gülə-gülə şəkil də çəkdiriblər. Mer vəzifəsinə namizədin isə qaş-qabağı yerlə gedir, yəqin ürəyindən qara qanlar axır. Sonum necə olacaq deyə fikirləşir... 

İndi bu komanda kəndbəkənd düşərək əhalidən səs istəyirlər. Sual olunur: "Siz indiyədək verdiyiniz vədləri yerinə yetirdinizmi? Problemlər xirtdəyə çatıb. Kəndlərdə həm suvarma su, həm də içməli su yoxdur. Əhali təsərrüfatda işləyir, sonda becərdikləri məhsullar yetişməmiş quruyur. Əhaliyə ayrılan yardımlar onlara çatmır. Özbaşınalıq baş alıb gedir.

Saxtalaşdırılmış səslərlə mer seçilən Zaur Darğallı öz vəzifəsində sonadək işləyə bilmədi. Dövlətin əvvəllər planlaşdırdığı layihələri guya o həyata keçirib deyə film çəkdirib. İndi parlamentə yenə saxta səslərlə deputat seçilib. Əhali ilə görüşə o da gedir və tələblərə əsası olmayan cavablar verir və telefonla oynayır... Xalqın tələbinin nəticəsi yoxdur. Məmurlar söz verir, amma iş görmürlər.

Hazırda rüşvətxorluğun sonu görünmür. Bundan əvvəl keçmiş mer Zaur Darğallının da adı hallandığı rayon təhsil şöbəsinə rəhbər qoyulan şəxsin nöqsanları üzə çıxdı, hətta Z. Darğallının ünvanına rüşvət alması barədə fikirlər səsləndi. Od yanmasa tüstü çıxmaz. Hüquq-mühafizə orqanları isə susdular. Atılan daşın səsi çıxdı, polisin, prokurorluğun səsi çıxmadı.

Ölkədə hüquq qaydalarının pozulması baş verir. Jurnalistlərin incidilməsi, onlara edilən mənəvi təhqir, hücum barədə mətbautda çox yazılır. Amma hüquq-mühafizə orqanları bir iş görmürlər.

GAXA.ge