Tiflisdəki muzeydən eksponatların çıxarılmasına etiraz edilib

Bu gün "Azadlıq İnstitutu" və "Seçicilərin Təhsil Cəmiyyəti" qeyri-hökumət təşkilatları Tiflisdəki Şalva Amiranaşvili adına Dövlət İncəsənət Muzeyinin qarşısında etiraz aksiyası keçiriblər. GAXA-nın Sputnik Gürcüstan saytına istinadən məlumatına görə, bir qrup vətəndaş fəalları muzeyin boşaldılması üçün ətraflı planın və burada saxlanılan dəyərlərin nəşr edilməsini tələb ediblər.

Aksiya iştirakçıları muzeydən eksponatların köçürülməsinə etiraz ediblər. Onların fikrincə, muzey  binasının və orada saxlanılan tarixi sərvətlərin təhlükə altında olduğunu düşünmək üçün hər cür əsasları var.

Aksiya zamanı etirazçılar "insan zənciri" düzəldiblər və lazım gələrsə, binanı "fiziki olaraq qorumağa" hazır olduqlarını söyləyiblər.

Gürcüstanın mədəniyyət, idman və gənclərlə iş naziri Teya Tsulukianinin sözlərinə görə, Şalva Amiranaşvili adına Dövlət İncəsənət Muzeyinin qəzalı binası təmir olunmalıdır. Muzeydə saxlanılan eksponatlara gəlincə, təmir zamanı başqa yerə köçürüləcək və işlər bitdikdən sonra öz yerlərinə qaytarılacaq.

Mədəniyyət Nazirliyinin orijinal planlarına İncəsənət Muzeyinin tarixi binasının sökülməsi də daxil idi. Lakin ictimaiyyətin təzyiqi ilə qərar dəyişdirilib.

Qeyd edək ki, muzey Tiflisdəki Lado Qudiaşvili küçəsi 1-də yerləşir. Muzeydə təxminən 140.000 ədəd Gürcüstana, Şərqə, Rusiyaya və Avropaya aid eksponatlar qorunub saхlanılır.

GAXA.ge