Azərbaycan Mətbuat Şurası media təmsilçilərini mükafatlandırıb

Azərbaycan Mətbuat Şurası Kəlbəcərdə şəhid olmuş media təmsilçiləri – Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimovu, AZTV-nin operatoru Sirac Abışov və COVID-19 xəstəliyindən dünyasını dəyişmiş hərbi jurnalist Rəşad Süleymanovu Ali Media Mükafatı ilə təltif edib. Ömrünü-gününü peşəsinə həsr etmiş peşəkar jurnalistlər 2021-ci ilin laureatları adı ilə mükafatlandırılıblar.

GAXA-nın Azərbaycan mətbuatına istinadən məlumatına görə, 2011-ci ildən başlayaraq xoş ənənəyə çevrilmiş mükafatın laureatlarının adları 22 iyul Milli Mətbuat Günündə açıqlanır və 3 dərəcə üzrə təqdim olunur. 2021-ci ildə Şura qərara alıb ki, təltif yalnız bir dərəcə üzrə aparılsın.

M.İbrahimov və S.Abışov istər 44 günlük Vətən Müharibəsi dönəmində, istərsə də müharibədən sonrakı dövrdə Azərbaycan ictimaiyyətini dolğun və operativ məlumatlarla təmin ediblər. R.Süleymanov isə müqəddəs savaşımızın davam etdiyi müddətdə hərbi jurnalist və ekspert kimi cəmiyyətin informasiyalarla təminatı, həm də ictimai rəyin düzgün formalaşdırılması istiqamətində böyük əzmlə çalışıb. Mətbuat Şurası məhz bu xidmətləri nəzərə alıb.

GAXA.ge