Tiflisdə 47 nəfər jurnalist təcavüz qurbanı statusu alıb, Marneulidə isə azərbaycanlı jurnalistə olunan hücum barədə prokurorluq bir addım belə atmır ...

5 iyulda baş verən ixtişaş hadisəsində bu vaxta qədər 53 nəfər təcavüz qurbanı statusu aldı, bunlardan 47-si yaralı jurnalist olub. GAXA-nın məlumatına görə, bu barədə Birinci Kanal məlumat verib.

5 iyul tarixində Gürcüstan paytaxtında LGBT icması əleyhdarlarının mitinqi zamanı jurnalistlərə kütləvi hücum baş verib. Təcavüzkar nümayişçilər jurnalistləri cinsi azlıqları təbliğ etməkdə günahlandıraraq döyüblər. Rəsmi rəqəmlərə görə, həmin gün 53 media nümayəndəsi yaralanıb.

Telekanalın məlumatına görə, Gürcüstan prokurorluğu çərşənbə axşamı daha yeddi nəfəri - müxtəlif telekanalların və xəbər agentliklərinin jurnalistləri və operatorlarını təcavüz qurbanı kimi tanıyıb.

Təcavüz qurbanlarına rəsmi status Gürcüstan Prokurorluğu tərəfindən verilir. Bu status sağlamlığa zərərin əks olunması deyil, sadəcə bir şəxsin müəyyən bir cinayətin qurbanı olduğunu göstərir.

Təəccüblü budur ki, azərbaycanlıların kompakt yaşadığı bölgədə təcavüz qurbanı olub, ciddi xəsarət alan azərbaycanlı jurnalistin zorakılıq qurbanı olduğu barədə cinayət işinə heç kim baxmır və jurnalistdən ərizə və izahat alınmasına baxmayaraq prokurorluq cinayətlə maraqlanmır. Bu barədə toplanmış faktlar Marneuli Rayon Polis idarəsində açılmamış qalıb və əməli tədbir görülmür.

GAXA.ge