Azərbaycanın mədəniyyət naziri Anar Kərimov Heydər Əliyev adına Tiflis Dövlət Peşəkar Azərbaycan Dram Teatrına baş çəkib

ürcüstanda səfərdə olan Azərbaycanın mədəniyyət naziri Anar Kərimov Heydər Əliyev adına Tiflis Dövlət Peşəkar Azərbaycan Dram Teatrına baş çəkib.  Nazir mədəniyyət ocağının yerləşdiyi binanın vəziyyəti və fəaliyyəti ilə tanış olub. GAXA-nın məlumatına görə, bu barədə nazirlikdən bildirilib. Məlumata görə, teatrın bədii rəhbəri Turqay Vəlizadə kollektivin il ərzində 3-4 tamaşanı səhnələşdirdiyini, beynəlxalq teatr festivallarına qatıldıqlarını, mədəniyyət ocağına teatr sənətinə həvəsi olan azərbaycanlı gənclərin cəlb olunduğunu qeyd edib.

Anar Kərimov teatrın səhnələrinə, rekvizitlərin saxlanıldığı otaqlara baxış keçirib, truppa üzvləri ilə görüşüb.

Qonaqlara teatrın kiçik səhnəsində Əziz Nesinin “Öldür məni, sevgilim” əsəri əsasında hazırlanmaqda olan tamaşadan bir hissə təqdim olunub.

Nümayəndə heyəti daha sonra teatr üçün Azərbaycanın Gürcüstandakı səfirliyinin binası yaxınlığında, Qorqasali küçəsində Azərbaycan teatrı üçün yeni binanın inşa olunacağı əraziyə baş çəkib. Nazir “Socar Energy Georgia” şirkətinin dəstəyi ilə hazırlanan yeni tikilinin layihəsi ilə tanış olub. Məlumat verilib ki, inşaat işləri zamanı ərazidə yerləşən köhnə hamam binası da tarixi görkəminə uyğun bərpa olunacaq və məkanda sərgi zalları yaradılacaq.

Daha sonra nazir Anar Kərimov və səfir Faiq Quliyev dahi bəstəkar və müğənni, Xalq artisti Bülbülün büstünü ziyarət edib, gül dəstələri düzüblər.

A. Kərimovu Gürcüstanın mədəniyyət, gənclər və idman nazirinin birinci müavini Kaxa Sixarulidze, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və “Socar Energy Georgia” şirkətinin Baş direktoru Mahir Məmmədov müşayiət ediblər.

GAXA.ge