Azərbaycanın mədəniyyət naziri Anar Kərimov Kaxa Kaladze ilə görüşüb

Bu gün Gürcüstanda səfərdə olan Azərbaycanın mədəniyyət naziri Anar Kərimov Tiflis meri Kaxa Kaladze ilə görüşüb. GAXA-nın Azərbaycan mətbuatına istinadən məlumatına görə, görüşdə Bakı və Tiflis, həmçinin bölgələr arasında əməkdaşlıq əlaqələri, Gürcüstanda kompakt yaşayan azərbaycanlıların ölkənin ictimai-siyasi, mədəni həyatındakı rolu və digər məsələlər diqqət mərkəzində olub.

Tiflis meri Kaxa Kaladze Azərbaycanın mədəniyyət naziri Anar Kərimovun rəhbərliyi ilə Gürcüstana rəsmi səfər edən nümayəndə heyətinin hər iki ölkə arasında əlaqələrin inkişafına təkan verəcəyinə ümidvar olduğunu vurğulayıb.

Nazir Anar Kərimov ölkələrimiz arasındakı əlaqələrin inkişafından danışıb, paytaxt şəhərlər və bölgələr arasında əməkdaşlığın genişlənməsinin xalqlarımızın rifahının yüksəlməsinə və ümumi sosial inkişafa xidmət edəcəyini bildirib.

Bu gün Anar Kərimov və səfir Faiq Quliyev, Gürcüstanın mədəniyyət və idman nazirinin birinci müavini Kaxa Sixarulidze və digər rəsmi şəxslərlə birgə Tiflisdəki Heydər Əliyev Parkında Ulu öndərin abidəsini ziyarət edib, abidə önünə əklil və gül dəstələri düzərək, Ümummilli liderin xatirəsini hörmət və ehtiramla yad ediblər.

Nümayəndə heyəti Kür çayının sahilindəki Heydər Əliyev Memorialını ziyarət ediblər. Ümummilli liderin xatirə lövhəsinin qarşısına gül dəstəsi qoyublar.

Bu gün nazir Anar Kərimov və Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Gürcüstanın Qəhrəmanlar Meydanında Gürcüstanın azadlığı uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsi ehtiramla anıblar, tədbir zamanı abidə önünə əklil qoyulub.

GAXA.ge