Çarpayıda yazılan şeirlər və düşüncələr...

Mən namərd sözüylə ölə bilmirəm...

Yollara baxıram, gözüm yol çəkir,

Bilmirəm, nədənsə nəsə gəzirəm.

Bədən başdan-başa iynələnibdir –

Dərman iyisindən vallah, bezirəm.

 

Tükənib arzumun sözü-kəlamı,

Dərdimi kimləsə bölə bilmirəm.

Sinəmə sağalmaz dərdlər yığılıb –

Mən namərd sözüylə ölə bilmirəm.

 

Məni dərdlər yxıb, sözüm ötməyir,

Sağalmaz dərdlərə düçar olmuşam.

Əkdiyim ağaclar daha bitməyir,

Mən də onlar kimi birdən solmuşam.

 

20.05.2021.

Tiflis, xəstəxana.

 

Bir ürəyi bu dünyaya qıymadım

Yalan dedim, doğru dedim, ah dedim,

Fani dünya ürəyimi istədi.

Əmanətdi türk gözəli yarımdan –

Bir ürəyi bu dünyaya qıymadım.

 

Bu dünyanın yalanları çoxdu hey,

Daha mənim var-dövlətim yoxdu hey,

Dünya mənə zalım kimi baxdı hey,

Bir ürəyi bu dünyaya qıymadım.

 

Qıyammadım; səbəbi yox, şərti çox,

Bu dünyanın namərdi çox, mərdi çox,

Bu dünyanın şahmatı çox, nərdi çox –

Bir ürəyi bu dünyaya qıymadım.

 

Gürcü qızı ürəyimi yoxladı,

Birdən dedi sevgini də ver mənə,

Öz yarımdan əmanətdi bu sevgi,

Mən onu bil heç qıymaram mən sənə -

Bir ürəyi bu dünyaya qıymadım.

 

21 may, 09: 36, 2021

Tiflis, xəstəxana.

 

Ölüm gələndə...

Yəqin ölümümün

vaxtı gəlirmiş...

Atam da bu yaşda

köçdü dünyadan.

Pəncərədən hey baxanda

mən gördüm –

Sən demə, sən demə

Heçdi bu dünya!

 

22 may, 2021, 09: 52.

Tiflis, xəstəxana.

 

Məni tək qoymayın...

Məni tək qoymayın,

ölərəm, axı!

O dünyada nə var,

bilərəm, axı!

Özümü dünyadan

silərəm, axı!

Qoymadı ölməyə

arzu-istəyim!

 

22 may, 2021, 10:33.

Tiflis, xəstəxana.

***

Hər sözüm-söhbətim yarımçıq qaldı,

Bir çarə axtardım, bilə bilmədim.

Kimsə nöqtə qoydu ömür-günümə –

Son dəfə göz yaşım silə bilmədim.

 

Tale nə nankormuş, ürəyim zəif,

Son dəfə çırpındı, yumuldu gözüm.

Dəftərim bağlandı, qələm yazmadı –

Yarımçıq səsləndi bir incə sözüm...

 

21 may, 08:24.

Tiflis, xəstəxana.

***

Dünyanı ağrılı səhərlə açdım,

Könlüm evi bərbad oldu səhərlə.

Bir həsrət duyğusu hələ döz dedi,

Yenidən bir arzun doğdu qəhərlə.

 

Ay aman! Dünyanın rəngi gözəldir!

Tiflis ürəyimin bir şah əsəri.

Burda hər söz-söhbət şirin qəzəldir –

Burda mən unutdum qəmi, kədəri!..

 

21 may, 13:55.

Tiflis, xəstəxana.

 

Yenidən doğulsam, mən nə istərdim...

Yenidən doğulsam, mən nə istərdim –

Qəlbimdən nəvəmi qucmaq keçərdi.

Ömrümün qayğılı günü qayıtsa –

Qaranquş təki mən uçmaq istərdim.

 

İstərdim sevimli yarım gələydi,

Səhərin mehitək öpəydi məni.

Doğaydı Günəşim gözüm önündə –

Deyəydi xatırla ötən dünəni.

 

Ömrümün son günü gələndə, inan –

Səni xatırladım, səni düşündüm.

Bilirəm, sinəndə oyandı inam –

Sən də mənim kimi məni düşündün.


Yaralı quş təki çırpındım birdən,

 Bir pərvanə ömrüm yandı da keçdi.

Daha salamat qal, gözəl Məleykəm –

Mən də məleykə kimi dünyadan "köçdüm!.."


21 may,

Tiflis, xəstəxana. Narkoz verəndə.


Bu gecə...

(Tiflisdə infarkt olarkən çarpayıda yazdığım düşüncələr)

Bu gecə yuxum qaçıb. Nədənsə yata bilmirəm. Sabah nə olacağını düşünürəm. Qohumlar, dostlar da narahat olublar. Heç kimin narahat olmasını istəmirəm. Amma yalnız sevimli Məleykəmin yuxusuz qalacağını bilirəm. Beynimə bəzən bir fikir gəlir; qaranlıq gecələrin bir işıqlı sabahı olur. Sağ qalmaq ümidiylə gözlərimi yumuram. Hər şey o uca Allahın əlində, bıçaq isə əməliyyat aparacaq həkimlərin əlindədir...

***

Bu gecə Ayaz torpağımıza suvarma suyu verir. Gecə dostları onunladır. Arzu edirəm ki, onun suladığı torpaq bərəkətli olsun; xeyir-bərəkət simvolu olsun. Bu torpaq Cəsuruma, Cahidimə xoş günlər bəxş etsin.

***

Nə bilmək olur; mən sabah yuxudan oyanacağammı? Həkim qollarıma narkoz vuranda dedi ki, indi teatr başlayır. Mən isə başa düşmədim. Sonra ayılanda həkimin sözləri yadıma düşdü. 5 saata qədər davam edən əməliyyat doğrudan da həyatın bizə göstərdiyi teatr imiş...

***

Əbədi yuxu deyilən bir yuxu barədə düşüncələrimi yazıram. Bu əbədi yuxu barədə hələlik mən yazıram. Çarpayıda uzanıb çox çətinliklə qeydlər aparıram. Yazıya pozu yoxdur. Alnıma yazıalanları isə o uca Allah yazır. Bu gün Ondan xahiş edəcəyəm ki, nəvələrimin xatirinə mənim alnıma yazdıqları Allah kəlamlarını xoş günlərimiz naminə yazsın!..

***

Gecə saat 04:15-05: 11-dir. Ürəyimdən keçənləri ağ vərəqlərə yazdım. İndi rahat yata bilərəm.

***

Cəsur balam söz verib ki, mənə zəng edəcək. Səhər tezdən onun zəngi məni yuxudan oyadır. İlk sualı belə olur; Nizami baba, necəsən? Kövrəlirəm. Sonra mən onu qabaqlayıram; Gözəlim, sən nətəhərsən, Cahid balam necədir? “Baba” deyirmi?” Sonra məni qəhər boğur... Sonra Ayselimin göz yaşları gözümün önünə gəlir. Hönkürtü səsləri gəlir. Bu kiçik cunanı buraya qoyuram ki, gözlərinin yaşını silsin.

***

Bu gecə yata bilmədim. Səhərə qədər bir az məndən aralıda çarpayıda uzanan 83 yaşlı gürcü kişi və bir az aralıdakı xəstə qadın da öz-özlərinə danışırdılar və öskürəkləri palatanı başına almışdı. Təkcə mən sakitcə uzanıb tavana baxıb sabahkı taleyimin necə olacağını düşünürdüm...

***

Bu lənət ölümün iyisi gəlir,

Kimsə öz sözünə düz çıxa bilmir.

Qəlbimmdən qara bir fikirlər keçir,

Gecələr yatammıram, bilmirəm nədən.

Yuxum gəlmir gecə qaçıb gözümdən –

Ağrıyır fikirim, ağrıyır bədən...


...Sonra həkim gəlib aparatı qoşaraq ürəyimin səsinə qulaq asmağa başladı; tıq-tıq-tıq...

Mən bu səsə dözmədən həkimlə zarafata keçdim. Dedim ki, ürəyimin WI-Fi-nı mənə ver, onunla danışmaq istəyirəm. Həkim uğundu...

 

Kövrəyəm, qəlbimdə bir nisgilim var,

Mən sizi düşündüm, ay sevimlilər!

Bilsəniz necədir bu vəfasız dünya –

O bizə söz verir, ah nələr, nələr...

***

Səhər-səhər qalxıb şirin nəvəm Cahidin şəkilinə baxıb dua elədim: “Allahım, sən məni nəvələrimdən ayrı salma! Həmişə duaçın olacam!”


Yolçunam, yollara düşdüm, ay Allah!

Sən məni işıqlı dünyaya çıxart!...


Nizami Məmmədzadə

 23-24 may, 06: 00, 2021. 

Tiflis, xəstəxana.