“Borçalı” İctimai Birliyinin bəyanatı

“Borçalı” İctimai Birliyinin İdarə Heyəti Dmanisidə baş verən qarşıdurma barədə bəyanat yayıb. GAXA-nın məlumatına görə, bəyanatda deyilir:
"Mayın 16-da Gürcüstanın Dmanisi (Başkeçid) rayonunda yerli azərbaycanlılarla vaxtilə Svanetiyadan köçürülmüş svanlar arasında qarşıdurma baş verib. Bu qarşıdurma sonradan kütləvi itaətsizliklə müşayiət olunub. Hər iki tərəfdən xəsarət alanlar var.
Gürcüstan Daxili İşlər Nazirliyi vəziyyəti normallaşdırmaq məqsədi ilə Dmanisiyə əvvəl 150-dən çox polis nəfəri cəlb etsə də bu rəqəm sonradan xeyli artıb.
Daxili işlər naziri Vaxtanq Qomelauri mətbuat konfransında bunları söyləyib:
“Azərbaycanlılar və gürcülər bizim vətəndaşlarımızdır. Əsrlər boyu birlikdə yaşayırlar, onlar bizim qardaşlarımızdır. Əlbəttə bu məsələ etnik qarşıdurmaya keçməməlidir... Bunun etnik bir məsələ olduğunu söyləyən və aranı qarışdırmaq istəyənlər ölkənin düşmənidir. Buna imkan verməyəcəyik".
“Borçalı” İctimai Birliyinin İdarə Heyəti Dmanisidə yaranmış insidentlə bağlı hədsiz narahatçılığını bildirməklə yanaşı, Gürcüstan daxili işlər nazirinin - “Bunun etnik bir məsələ olduğunu söyləyən və aranı qarışdırmaq istəyənlər ölkənin düşmənidir.” – fikri ilə tam və şəksiz olaraq şərik olduğunu bildirir.
Bu heç kimə sirr deyildir ki, Gürcüstan 90-cı illərin lap əvvəllərindən Qafqazın hərbi-siyasi-etnik münaqişələr poliqonuna çevrilib. Burada azərbaycan və gürcü xalqlarının əbədi siyasi, milli və dini düşmənləri hədsiz təxribatlar planlaşdırır və həyata keçirirlər. Belə təxribatların qarşısını almaq məqsədi ilə ölkə rəhbərləri və eləcə də hər iki ölkənin ictimai-siyasi təşkilatları səviyyəsində dostluq və qardaşlıq əlaqələrinin genişlənməsi daim diqqət mərkəzində saxlanılır.
Biz inanırıq ki, Dmanisidə baş verən insident növbəti təxribatların tərkib hissələrindən biridir. Gürcüstan daxili işlər nazirinin bəyanatı da məhz bu narahatçılıqdan qaynaqlanır.
Buna baxmayaraq, biz soydaşlarımızı belə təxribatlara qarşı ayıq olmağa və təmkinlik nümayiş etdirməyə çağırırıq."
“Borçalı” İctimai Birliyinin İdarə Heyəti