Şərqi Gürcüstan Müftisi: “Dmanisidə qarşıdurma dayandırılıb, tərəflər barışıblar”

Dmanisidə nisbi sakitlik yaradılıb. GAXA-nın məlumatına görə, dünən səhər saatlarında və sonra Dmanisinin giriş-çıxışında yenə qarşıdurma yaranıb, bir neçə avtomobilə ziyan dəyib. Gecə saatlarında qarşıdurma iştirakçıları arasında barışıq yarandığı bildirilib. Dmanisidə din xadimlərinin də görüşü olub. Müsəlman və xristiyan din xadimləri tərəfləri barışığa çağırıblar. Şərqi Gürcüstan Müftisi Etibar Eminov İctimai TV-yə açıqlamasında tərəflərin barışığını alqışlayıb və əldə edilən razılığın olduğunu, yerli sakinlər ilə qarşıdurmanın davam etməyəcəyini söyləyib.

Müfti qeyd edib ki, bizə qarşıdurma yox, vahid məqsəd üçün ölkəmizin firavanlığı naminə çalışmaq lazımdır.

Xatırladaq ki, mayın 16-da Dmanisidə Svan əsilli eko-miqrntlar və yerli sakinlər olan azərbaycanlılar arasında qarşıdurma yaranıb. Qarşıdurmanın səbəbi iki nəfər Svan gəncinin mağazaların birində satıcıdan nisyə olaraq spirtli içki tələb etmələri olub. Satıcı qız onların tələbini ödəmədikdə gənc qız təhqir olunub. Onu müdafiə edən atası isə döyülüb.

Qeyd edək ki, dünən hüquq-mühafizə orqanlarının əməkdaşları gecə Dmanisidə qalıblar. Deyilənə görə, gecə saatlarında Svan əsilli eko-miqrantlar ağac budaqlardan düzəldilmiş xaç qaldırıblar.

Gürcüstan dövlət və hökumət nümayəndələri tərəfləri sakitliyə əməl etməyə çağırıblar. DİN Vaxtanq Qomelauri baş verən hadisəni çox kədərli bir hadisə olduğunu bildirib. Onun sözlərinə görə, dünəndən başlayaraq araşdırma aparılır. Bu insanların kim olduğu heç bir əhəmiyyət daşımır. Qanunu pozanlar hamısı qanunun bütün ölçülərinə qədər cəzalandırılacaqlar. Bu çox pis bir faktdır. Kimlərsə, münaqişəni millətlərarası vəziyyətə gətirməyə çalışırlar. Azərbaycanlılar və gürcülər bizim vətəndaşlarımızdır. Əsrlər boyu birlikdə yaşamışıq və biz qardaşıq. Bu məsələ, əlbəttə ki, etnik qarşıdurmaya çevrilməməlidir",- deyə nazir jurnalistlərə açıqlamasında bildirib.

GAXA.ge