Yaşa, Azərbaycan, yaşa!..

Ucal qartal kimi, ucal göylərə,

Şöhrətin yayılsın doğma ellərə,

Düşsün ağızlara, düşsün dillərə,

Yaşa, Azərbaycan, yaşa!

 

Dünya boyda arzularım səndədir,

Hər davadan, hər şavadan gendə dur,

Hələ başın sənin duman, çəndədir –

Yaşa, Azərbaycan, yaşa!

 

Bir babam var – babaların babası,

Odlar yurdu – igidlərin yuvası,

Torpağım var – suyu, saf dağ havası

Yaşa, Azərbaycan, yaşa!

 

Ellərimin şən çağları gözəldir,

Burda hər qonağa hörmət əzəldir,

Sənin şah damarın şeir, qəzəldir,

Yaşa, Azərbaycan, yaşa!

 

Fəxr edirəm, hər oğlunla, qızınla,

Dolaşdım dünyanı müdrik sözünlə,

Elə Heydər babamızın özüylə,

Yaşa, Azərbaycan, yaşa!

Yaşa, Azərbaycan, yaşa!..


 Nizami Məmmədzadə, Azərbaycanın Əməkdar jurnalisti

1999-cu il, Marneuli