Bu gün ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümüdür
Bu
gun Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci
ildönümüdür. Ulu öndər Azərbaycan xalqının qəlbində yaşayır və əbədi
yaşayacaqdır. Rəhmət və hörmətlə anırıq.
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində
anadan olub. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan
Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsinə
daxil olmuş, lakin İkinci dünya müharibəsinin başlanması ilə əlaqədar təhsili
yarımçıq qalmışdır.
Heydər
Əliyev 1941-ci ildən Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında şöbə
müdiri və Xalq Komissarları Sovetində məsul vəzifələrdə çalışmış, 1944-cü ildən
isə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilmişdir. Leninqrad (indiki
Sankt-Peterburq) və Moskva şəhərlərində xüsusi ali təhsil almış, 1957-ci ildə
isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. Dövlət təhlükəsizliyi
orqanlarında iyirmi beş il çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR
Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədr müavini, 1967-ci
ildən sədri vəzifələrində işləmiş və general-mayor rütbəsinə yüksəlmişdir.
Heydər
Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul
plenumunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi
seçilərək respublikanın rəhbəri olmuşdur.
1976-cı
ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosu üzvlüyünə
namizəd, 1982-ci ilin dekabrında isə Siyasi Büronun üzvü seçilən Heydər Əliyev
SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdir. Bu vəzifədə
işləyərkən Heydər Əliyev SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm
sahələrinə rəhbərlik etmişdir.
Heydər
Əliyev iyirmi il ərzində SSRİ və Azərbaycan SSR Ali Sovetlərinin deputatı olmuş
və beş il SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində
çalışmışdır.
1987-ci
ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi
Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti
olaraq tutduğu vəzifələrdən istefa vermişdir.
Heydər
Əliyev 1990-cı il yanvarın 20-də sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciənin
ertəsi günü Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək Azərbaycan
xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını
tələb etmişdir. SSRİ rəhbərliyinin ikiüzlü siyasəti nəticəsində Dağlıq
Qarabağda yaranan kəskin münaqişə vəziyyətinə etiraz əlaməti olaraq, 1991-ci
ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.
1990-cı
ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə
Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir.
1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan
Respublikasının Ali Məclisinin sədr müavini vəzifələrində çalışmışdır. Heydər
Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş
təsis qurultayında partiyanın sədri seçilmişdir.
1993-cü
ilin may-iyun aylarında hökumət böhranının son dərəcə kəskinləşməsi nəticəsində
ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi
yarananda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli
sürdü və Azərbaycanın o dövrkü rəhbərliyi Heydər Əliyevi Bakıya dəvət etməli
oldu.
Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilmiş, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlamışdır.
Heydər
Əliyev 1993-cü il oktyabrın 3-də keçirilən səsvermə nəticəsində Azərbaycan
Respublikasının Prezidenti seçilmişdir.
1998-ci
il oktyabrın 11-də keçirilmiş seçkilərdə o, yenidən Azərbaycan Respublikasının
Prezidenti seçilmişdir. Öz namizədliyinin növbəti prezident seçkilərində irəli
sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə bağlı
2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə iştirakdan imtina etmişdir.
Azərbaycanın
ümummilli lideri Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu
Klivlend klinikasında (ABŞ) vəfat etmiş, dekabrın 15-də Bakıda Fəxri xiyabanda
dəfn olunmuşdur.
Bu
il ilk dəfədir ki, Azərbaycanın müstəqillik tarixində Ulu öndər Heydər Əliyevin
əziz xatirəsi ölkəmizin ərazi bütövlüyü şəraitində anılır. Azərbaycanın 44
günlük Vətən müharibəsində şanlı qələbəsi məhz Ümummilli Lider Heydər Əliyevin
ölkəyə yenidən rəhbərliyə qayıtdığı vaxtdan başlanılan genişmiqyaslı dövlətçilik,
quruculuq, iqtisadiyyatın inkişaf etdirilməsi, ordunun gücləndirilməsi işlərindən
başlayıb. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi ilə torpaqlarımızın işğaldan
azad edilməsi çoxəsrlik Azərbaycan tarixinin çox şərəfli səhifəsidir. Bu Zəfər
Ulu öndər Heydər Əliyevin müstəqil dövlətçilik ideallarının böyük təntənəsidir.
Daşqın Şikarov