Zaxsenhauzen həbs düşərgəsində

Böyük Vətən Müharibəsi illərində Almaniyanın Zaxsenhauzen həbs düşərgəsində faşistlər tərəfindən 100 min nəfərdən çox adam işgəncə ilə öldürülüb. İndi muzeyə çevrilən bu düşərgəyə dünyanın hər yerindən milyonlarla adam gəlir, hitlerçilərin törətdikləri vəhşiliklərə bir daha nifrət bəsləyir. 1976-1978-ci illərdə mən də Sovet Hərbi Qüvvələrinin Almaniyadakı Qrupunda xidmət zamanı həmin həbs düşərgəsində təşkil edilən muzeydə oldum və bir daha faşistlərin cinayətinin şahidi oldum. Amma ermənilərin Xocalıda törətdikləri vəhşiliklər o cinayətlərdən daha dəhşətlidir! Xocalı faciəsi barədə muzeyin təşkil edilməsinin vaxtı çatıb!..
Burda pəncərələr Günəşə baxmır,
Burda məzar kimi uzun bir sükut.
Bu yerə gülüş yox, güllələr yağıb,
Külək haray çəkir, qəm səpir bulud.
Əllərim titrəyir, dura bilmirəm,
Elə bil başıma dünya dolanır.
Baxıram, cizgili həsir geyimə -
Qarşımda bir başqa həyat canlanır.
Divarda yazı var, nöqtə və nöqtə,
Həyatın günləri yazılıb bura!
Kamera - əsirlər yaşayan otaq,
Burada ümidlər çəkilib dara!
İnsanlar! Qəlbimdən cərəyan keçir,
Gör necə güclüdür, titrədir məni!
Zaxsenhauzendə olan vəhşilik,
Yenə də titrədir Yer kürəsini!
Nizami Məmmədzadə, Almaniya, 1978-ci il.