Azərbaycan səfiri Tiflis Dövlət Uniiversitetinin rektoru ilə görüşüb

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev İvane Cavaxişvili adına Tiflis Dövlət Universitetinin (TDU) rektoru Giorgi Şarvaşidze ilə görüşüb. GAXA-nın məlumatına görə, Gürcüstanın tarixi əhəmiyyətə malik təhsil ocağında Azərbaycan səfirini görməkdən məmnunluq duyduğunu bildirən rektor strateji tərəfdaş olan Azərbaycanla Gürcüstan arasındakı əməkdaşlıq əlaqələrinin bütün sahələrdə olduğu kimi təhsil sahəsində də yüksələn templə davam etdiyini bildirib.

Rektor, həmçinin Bakı Dövlət Universiteti ilə TDU arasında əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində işlərin davam etdirilməsinin barədə əhəmiyyəti barədə söz açıb.

Giorgi Şarvaşidze Tiflis Dövlət Universitetinin Azərbaycan universitetləri ilə əməkdaşlığa hazır olduğunu qeyd edib.

​Görüşdə TDU nəzdində Azərbaycan dili və ədəbiyyatı fakültəsinin yaradılması, həmçinin qeyd olunan fakültənin yaradılmasının Gürcüstanın Azərbaycan dilli məktəblərində kadr çatışmazlığı probleminin qarşısını alacağına dair fikir mübadiləsi aparılıb.

​Səfir F. Quliyev G.Şarvaşidzenin Azərbaycanla əlaqələrə verdiyi böyük önəm və dəstəyə görə təşəkkür edib, TDU ilə Azərbaycan səfirliyi arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyini bildirib.

​Daha sonra Azərbaycan səfiri Tiflis Dövlət Universitetindəki Heydər Əliyev Mərkəzində aparılan yenidənqurma və bərpa işləri ilə tanış olub. Universitet rəhbərliyi mərkəzin təmir işlərinin növbəti tədris ilinin başlanmasına qədər yekunlaşacağını bildirib.

GAXA.ge