Əbədi yaşamaq haqqı qazanmış insan

Valeh Hacılar-70

Valeh müəllimi mən təxminən qırx ilə yaxın bir vaxt idi ki, tanıyırdım. Mən tələbə olarkən o, təhsil aldığım ali məktəbdə çalışırdı. Gənc olmasına baxmayaraq, istedadı, bacarığı və çalışqanlığı sayəsində gənc bir tədqiqatçı kimi tez üzə düşmüşdü. Açığını deyim ki, onun bu cür tez üzə düşməsindən qısqananlar da az deyildi. Yersiz də olsa bir şeyi də xatırlatmaq istərdim ki, həmin dönəmlərdə bizim üçün Gürcüstanda yeganə ali təhsil ocağı olan A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunda çalışan elmi dərəcəli alimlər arasında Borçalı əsillilər çox az idi. Düzdür, bu elm ocağında çalışanlar arasında həmyerlilərimizdən bir-iki elmi dərəcəsi olan vardısa da onlar da (filologiya fakültəsi üçün) qeyri ixtisasçılar idi.

Valeh müəllim bir folklor tədqiqatçısı kimi bu sahədə ilk alim adını qazanmış ilk Borçalı əsilli aydın idi. Əmək fəaliyyətinə başladığı ilk gündən ta ömrünü sonunadək o, yorulmaz bir elm araşdırıcısı kimi şöhrət qazandı, adı həmin sahənin ixtisasçıları arasında hörmətlə çəkildi, soyadı bütün siyahılarda öndə yazıldı. Son otuz ildə Borçalı folkloru ilə bağlı hər hansı bir kitab, toplu, dərgi nəşr olunanda, mütləq Valeh Hacıların imzası orda olmalı idi. O, istər Gürcüstanda, istərsə də digər türk ölkələrində çalışdığı sahə ilə bağlı keçirilən bütün mötəbər elmi konfranslarda iştirak və çıxış edir, hətta onu yığıncaqların rəyasət heyətinə üzv seçirdilər.

V.Hacıların uğurları təkcə elm sahəsi ilə tamamlanmır, onun həm də yetişdirdiyi bacarıqlı kadrların işi ilə də fəxr edilməlidir. Bu gün Borçalımızdakı Azərbaycan məktəblərinin əksəriyyətində onun yetirmələri dərs deyir, hörmət, izzət sahibi ziyalılar kimi tanınırlar.

Elmi fəaliyyəti, kadrların hazırlanmasından başqa o, ölkənin, xüsusən də bölgəmizin ictimai-siyasi həyatında da çox işlər görürdü. Doğulub boya-başa çatdığı doğma Borçalının Sovetlər Birliyi çökəndən sonra bəzi üzdəniraq insanların sayəsində düşdüyü məlum son durumlarda çox əziyyət çəkdi. Ancaq əziyyəti də hədər getmədi, haqq, ədalət qələbə çaldı. Bu haqqın, ədalətin qələbəsində onun payı bəlkə də hamıdan çox oldu desək yanılmarıq. Çünki bu bir reallıq idi və bu reallığın şahidləri istənilən qədərdir. Doğma Borçalısı ilə nəfəs alan Valeh müəllim bölgənin bir çox ədəbi, mədəni və ictimai tədbirlərin həyata keçirilməsində böyük rol oynadı.

Valeh Hacıların simasında təkcə Borçalışünaslığa yox, bütün Azərbaycan elminə, Türk folklorşünaslığına çox ağır bir zərbə dəydi. Onun itkisi Borçalı ilə bağlı bir çox qaranlıq qalmış, açılmamış düyünlərin çözülməsini bir qədər də uzadacaqdır. Bu çox çətin olsa da, nə yaxşı ki, o, özündən sonra ailəsində bu ağır elmi yükü daşıya biləcək alimlər qoya bilmişdir. Bax bütün bunları düşünəndə belə bir nəticəyə gəlirsən ki, o, ölümündən sonra əbədi yaşamaq haqqı qazanmış bir insan, bir alim idi.

Mahmud KAMALOĞLU,

professor

2010