“Molla Nəsrəddin” jurnalının 115 yaşı tamam olur

Bütövlükdə Şərq dünyasını söz titrəyişinə salan, sözün qüdrətini vurğulayan “Molla Nəsrəddin” jurnalının 115 yaşı tamam olur. Qəribədir, onun barədə düşünəndə 115 rəqəmi beynimdə 1115 kimi canlandı. Mənə elə gəldi ki, jurnalın bizə minillik təsiri var. Mənə elə gəldi ki, o, min ildir bizimlədir. Çünki “Molla Nəsrəddin” bizə min il əvvəlki bizi anladır. Heç şübhəsiz, bizdən min il sonrakı bizi də anladacaq qədər müasir olacaqdır. Qəribədir, bu nəhəng statusu üst-üstə heç otuz ilə yaxın davam etməyən fəaliyyətindəki ahəngardlığı ilə qazandı. Heç kəsdən tərif, mükafat almayan, əksinə hədələnən, təqib olunan, sözünü deməkdən yorulmayan, usanmayan fəaliyyətilə. Həqiqətən heyrətamizdir. Heyrətamizdir, ibrətamizdir, nümunədir, örnəkdir “Molla Nəsrəddin”.
Dahi Mirzə Cəlil yaradıcılığının şah əsəri olan “Molla Nəsrəddin” nəinki xalqımızın həyatında, eyni zamanda qəflət yuxusundan ayılmağa macal tapmamış müsəlman dünyasında tam bir yenilik idi. O yeniliyi orta əsr Avropasının intibah, reformasiya dövrü ilə müqayisə edirəm. Etmək istəyirəm, amma tam mənada alınmır. Çünki fikrimcə, “Molla Nəsrəddin” Şərq dünyası üçün qeyd etdiyim hadisələrin Qərb dünyasına təsirindən daha böyük təsir qüvəsinə malik olan misilsiz hadisə idi.
“Molla Nəsrəddin” biz də daxil olmaqla müsəlman Şərqinin mənfi stereotiplərinə, qəlibləşmiş baxışlarına demarş ruhunu yaşadan yumor qayəsidir. Onsuz keçən illərdə saysız-hesabsız satirik mətbu orqanları işıq üzü görüb. Amma heç biri “Molla Nəsrəddin” ola bilməyib. Bilməzdi də, bilməyəcək də.
Uca Tanrı Mirzə Cəlil başda olmaqla xalqımızı “Molla Nəsrəddin” ruhuna kökləyən söz sənəti dühalarımıza qəni-qəni rəhmət eləsin!

Əflatun Amaşov,
Azərbaycan Mətbuat Şurasının sədri