Ömrün yarpaq tökümü başlandı

Allah rəhmət etsin, qəbrin nurla dolsun, Valeh müəllim!

Bu il görkəmli alim, folklorumuzun bilicisi, istər Azərbaycanda, istərsə də bütün Türk dünyasında məşhur olan filologiya elmləri doktoru, pedaqoq, neçə-neçə kitabların müəllifi, yaddaşlara həkk olunan Valeh Hacıların 70 ili tamam olur. Həyat necə də qəribədir. Və qəribə olduğu qədər də mürəkkəbdir. Bu mürəkkəb və qəribə dünyada Valeh müəllimi həmişə xoş xatirələrlə anırıq. Bu gündən başlayaraq əziz dostum və gözəl insan, görkəmli alim Valeh müəllim haqqında Gürcüstan Azərbaycanlılarının Xəbər Agentliyinin (GAXA.ge) səhifələrində onun keçdiyi şərəfli ömür yollarından bəhs edən fotolara, yazılara yer veririk. Kimin Valeh müəllim haqqında xatirələri, məqalələri varsa, buyurun, göndərin dərc edərik. Bu, dostumuz qarşısında bizim müqəddəs borcumuzdur.

GAXA.ge

… Adətən yarpaq tökümü payız ayında başlayır. Lakin bu il bu töküm qarlı qışın oğlan çağında başladı. Bar verən ağaclar utanırmış kimi başını aşağı sallamağa başladı. Torpaq ağacsız qalırdı. Axı, bu dünyanın yaşıl bəzəyi elə bizim həmişə heyranlıqla baxdığımız və bizə oksigen verən bu ağacların sayı azalırdı. Təbiət öz gözəlliyini itirirdi. Amma bu vəfasız dünyaya təəssüflənə-təəssüflənə hələ də yaşayırıq. Hər şeyimiz var. Ömür-gün üçün yığdığımız azuqə və digər təminatlar hələlik boldur. Amma təkcə ölümə qüvvəmiz çatmır. Ağaclar kimi insanlar da bir-bir həyata, bu şirin ömrə əlvida deyib bu dünyadan köçürlər. Elə dünən Valeh müəllim də bu vəfasız dünyaya əlvida dedi. Biz bir dost itirdik. Gozəl alim, gözəl şair, gözəl yazıçı itirdik. Bilikli, savadlı, mədəni, həmişə hər yerdə öz layiqli yerini və qiymətini tapan Valeh Əlipaşa oğlu Hacıyev ziyalı sıramızdan köçüb getdi. Bu qəflətlər nitqimizi kəsdi, bizdə həyata, varlığa, ölümə bir nifrət yaratdı. Ah, ölümə nə var ki... Kişisən indən belə Valehsiz illəri yaşa, onun kimi bu vəfasız illərin sinəsinə incilər düz.

Sağlığında özünə əbədi heykəl qoy. Necə ki, Valeh Hacıyev illərlə toplayıb araya-ərsəyə gətirdiyi gözəl məzmunlu folklor əsərləri ilə, Borçalı inciləri ilə əvədi olaraq yaddaşımıza yazıldı. O, 1951- ci ildə Bolusun axar-baxarlı, təbii mənzərələri göz oxşayan Darvaz kəndində dünyaya göz açdı. İllər dolandıqca gənc Valehin elmə, ədəbiyyata həvəsi, məhəbbəti daha da çoxalırdı. Və bu istək, bu arzu onu illərlə arxivlərdə işləməyə vadar etdi. O, tarix, ədəbiyyat və lüğətçilik sahəsində ömrü boyu axtarışlar aparan istedadlı alim oldu. Onun folklorumuz barədə yazdığı əsərlər mənəvi irsimizi daha da zənginləşdirən Borçalı şifahi xalq ədəbiyyatının incisidir. Nəhayət oz arzusuna çatan Valeh Hacıyev filologiya elmləri namizədi, sonra isə doktorluğu müdafiə etdi. 24 kitabın və 4 elmi monoqrafiyanın müəllifi olan Valeh Hacıyev İlya Çavçavadze adına Tiflis Dövlət Universitetinin tam professoru, Gürcüstan Ədəbiyyat Akademiyasının həqiqi üzvü seçilmişdi. Onun səmərəli pedaqoji fəaliyyəti göz qabağında idi. Neçə-neçə tələbəyə bilik bəxş etmişdi. Həyatda bir məqsədi vardı. O da Borçalı folklorunu olduqca tez toplayıb kitab şəkilində çap etdirmək. Bir yazıçı və şair kimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü kimi onun səmərəli yaradıcılığı bizləri həmişə sevindirirdi. Bu şöhrətli insan, gözəl alim öz arzusunun öhdəsindən bacarıqla gəldi. Borçalı-Axısxa folklorunu illərlə topladı və yaddaşlara, vəfasız illərin sinəsinə öz qələmi ilə bu inciləri yazıb, bizlərə əlvida deyib haqq dünyasına qovuşdu.

Gürcüstan Azərbaycanlılarının Ziyalılar Birliyində Valeh müəllimin xüsusi çəkisi və hörməti vardı. Bu birliyin yaradılmasında onun böyük əməyi danılmazdır. Həyatının son günlərinədək o, birliyin fəxri sədri idi. Biz onu həmişə fəxr ilə xatırlayacaq, gözəl alim kimi onun bizə yazıb yadigar qoyduğu tövsiyələrdən bəhrələnəcəyik. Bu bəhrəni təkzə yarpaq tökümümüz başlayan biz nəsil yox, bizdən sonra gələn gələcək nəsillər də onun faydalı və əvəzi olmayan mənalı, bitkin elmi axtarışlarından həmişə bəhrələnəcəklər, folklor incilərini onun kimi toplamağa çalışacaqlar...

Allah rəhmət etsin, qəbrin nurla dolsun, Valeh müəllim!


Nizami Məmmədzadə, “Ziya” qəzetinin baş redaktoru,

Azərbaycan Yazıçılar Birliyinin üzvü

 “Ziya” qəzeti, 2010, yanvar, sayı 10 (20)