Tiflisdə Nəriman Nərimanovun əsərlərindən ibarət kitab nəşr edilib

Tiflisdə görkəmli ictimai-siyasi xadim, müəllim, həkim, yazıçı, publisist, dramaturq Nəriman Nərimanovun bədii əsərlərindən ibarət kitab nəşr edilib. GAXA-nın məlumatına görə, kitabdakı əsərlər ilk dəfə olaraq gürcü dilində nəşr edilib. Kitabda böyük ədibin zəngin ədəbi irsindən nümunələr dərc olunaraq oxuculara təqdim edilib.

Kitabda ədibin “Nadanlıq”, “Nadir şah” pyesləri və “Bahadır və Sona” romanı iki dildə- Azərbaycan və gürcü dillərində işıq üzü görüb.

N. Nərimanov ilk qələm təcrübəsi olan “Nadanlıq” əsərini Gürcüstanın Qızıl Hacılı kəndində qələmə alıb və əsərdə bu kəndin sakinlərinin dialektindən istifadə edilmişdir.

Yazıçı “”Nadir şah” əsəri ilə Azərbaycan ədəbiyyatında ilk tarixi faciənin, “Bahadır və Sona” əsəri ilə ilk milli romanın əsasını qoyub.

Kitabda ön söz müəllifi iqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayevadır. N. Nərimanovun kitabda verilən əsərlərinin tərcüməçisi isə istedadlı tərcüməçi, filoloq Oqtay Kazımovdur.

N. Nərimanovun "Bahadır və Sona" əsərini ilk dəfə 2018-ci ildə Azərbaycan dilindən fransız dilinə tərcüməçi Elvin Abbasbəyli tərcümə edib.

A.İsayeva GAXA-ya məlumat verib ki, 10 aprel tarixində Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində görkəmli ədibin gürcü dilində nəşr edilən kitabının təqdimatı keçiriləcək. Tədbirdə gürcü və azərbaycanlı ziyalılar, alim, şair və yazıçılar, rəsmi qurumların nümayəndələri, Tiflisdən və ətraf bölgələrdən dəvət edilən azərbaycanlılar iştirak edəcəklər.

GAXA.ge