Martın 15-dən Azərbaycan Ordusunda əməliyyat-taktiki təlimlər keçiriləcək
Martın 15-dən
Azərbaycan Ordusunda qoşun (qüvvə) növlərinin cəlb edilməsi ilə əməliyyat-taktiki
təlimləri keçiriləcək. GAXA-nın məlumatına görə, bu barədə Müdafiə Nazirliyindən
məlumat verilib. Təlimlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin
Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçiriləcək.
Müdafiə
nazirinin rəhbərliyi ilə keçiriləcək təlimə 10 000 nəfərədək şəxsi heyət, 100-dək
tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya
qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 30-dək hərbi aviasiya və
müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunacaq.
Dağlıq-meşə
və çətin relyefli ərazilərdə keçiriləcək təlimlərdə Vətən müharibəsində
qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla əsas diqqət qoşunların idarəolunması,
döyüşə hazırolma vəziyyətinə gətirilməsi və yenidən qruplaşması, o cümlədən
ümumqoşun birlikləri, Raket və Artilleriya Qoşunları, aviasiya, Xüsusi Təyinatlı
Qüvvələr arasında döyüş uzlaşması və qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsinə
yönəldiləcək.
Martın 18-dək
davam edəcək təlimlərdə qoşunlar terrorçu dəstələr (qruplar), həmçinin qanunsuz
silahlı qruplaşmalar ilə mübarizə və anti-terror əməliyyatları üzrə
tapşırıqları icra edəcək.
GAXA.ge