Georgi Zotov: “İrəvanda qızılgüllər, qərənfillər yaman bahalaşıb...”

Tam hərc-mərclik idi. Mən vuruşmağa macal tapmadım. Cəbhəyə gəldim, iki gündən sonra postda oturub konyak içirdik. Birdən yüngül bir cırıltı səsi eşidildi və özümə gələndə artıq hospitalda idim – məni Türkiyə istehsalı olan pilotsuz uçuş aparatı ilə vurmuşdular. İki dostum tikə-tikə olmuşdu, mən isə möcüzə nəticəsində sağ qalmışam.

GAXA.ge NUHÇIXAN İnformasiya Agentliyinə istinadən xəbər verir ki, Ermənistan ordusunun könüllüsü, pilotsuz uçuş aparatı ilə vurulduqdan sonra iki barmağını itirmiş Armen Mnatsakanyan İkinci Qarabağ müharibəsində keçdiyi döyüş yolunu Rusiyada çıxan “Arqumentı i faktı” qəzetinin şərhçisi Georgi Zotova belə təsvir edib.

Ermənistana ezamiyyətdən qayıdandan sonra G.Zotov yazır ki, İrəvanda tez-tez gözə dəyən avtomobillərin arxa şüşəsinə hərbi geyimli bir gəncin böyük ölçülü ağ-qara fotoşəkli yapışdırılıb. Bu, Dağlıq Qarabağ uğrunda Azərbaycanla 44 günlük müharibədə həlak olmuş bir ata, qardaş, ər və ya oğuldur. Rəsmi məlumata görə, həmin müharibədə öldürülmüş erməni əsgərlərinin sayı təqribən 4000 nəfər, qeyri-rəsmi məlumata görə isə 7000 nəfərə yaxındır. Jurnalist hesab edir ki, əhalisinin sayı 3 milyondan az olan bir ölkə üçün bu, dəhşətli itki deməkdir.

Məqalə müəllifinin fikrincə, sonuncu Qarabağ müharibəsi inandırıcı şəkildə göstərdi ki, silahlı münaqişədə qalib gəlmək üçün təkcə cəsurluq kifayət deyil. Bunun üçün düşmənin imkanlarını obyektiv qiymətləndirmək, çox ciddi intizam və müasir texniki təchizat lazımdır. Yüzlərlə tankı və gənc əsgəri “Ura!” sədaları altında meydana çıxarmaq sisteminin vaxtı keçib.

Ermənistan ordusunun keçmiş kapitanı Suren Ter-Qukasyan rusiyalı jurnalistlə söhbətində köksünü ötürərək deyib: “Azərbaycan 1994-cü ildən bəri ardıcıl olaraq silahlanırdı. Təkcə son 9 ildə Azərbaycan müdafiə məqsədləri üçün 24 milyard dollar sərf edib, ölkənin hərbi xərcləri büdcənin 11 faizinə bərabər olub. Azərbaycan Ordusu Rusiyadan ən yeni helikopterlər, zirehli transportyorlar, “Kornet-E” tank əleyhinə komplekslər, “C-300” hava hücumundan müdafiə sistemləri, Türkiyə və İsraildən çox böyük yüksəklikdən zərbə endirməyə imkan verən pilotsuz uçuş aparatları alıb. Bu ordu Türkiyənin, İsrailin və Amerikanın ən yaxşı hərbi təlimatçılarının rəhbərliyi ilə məşq keçib. Ermənistanın nə nefti var, nə də bu qədər pulu. Ona görə də Ermənistan ordusu üçün cəmi 4 milyard dollar ayrılıb. Əlbəttə, onlar da müxtəlif silahlar, az miqdarda “İsgəndər” raketləri, Serbiya istehsalı olan minaatanlar alıblar. Biz axmaqlıq etdik. Ermənistan cəmiyyətində əsassız lovğalıq, təkəbbür hissləri üstünlük təşkil edirdi. Əvvəlki müharibədə Azərbaycan döyüşçülərini sürətlə darmadağın etməyimiz, onların qaçmağa məcbur olması bizdə eyforiya yaratmışdı. Onları məsxərəyə qoyaraq deyirdilər: “Məgər azərbaycanlılar vuruşmağı bacarır? İrəli gəlsələr, biz Bakıya qədər gedəcəyik!”. Sözün qısası, bu məsxərələr bizə çox baha başa gəldi”.

“Tanklar faydasız idi”

Georgi Zotov yazır: “Qarabağda cəbhə xəttində qarşıdurma 26 il davam edib. Hər gün atışmalar olur, snayperlərin “duelləri” gedirdi. Yəni arxayınlaşmaq üçün əsas yox idi. Lakin məlum oldu ki, ermənilər azərbaycanlıların genişmiqyaslı hücumuna əsla hazırlaşmayıblar. Onlar əvvəlki uğurların “xumarını” yaşayırdılar, güman edirdilər ki, düşmənin öhdəsindən asanlıqla gələcəklər. Azərbaycanda isə Qarabağa qayıtmaq məsələsi milli ideyaya çevrilmişdi. Mən Bakıda olarkən bunu şəxsən yəqin etdim. Azərbaycanlılar hələ uşaq yaşlarından yeni döyüşlər barədə düşünür və bu yolda qurbanlar verməyə mənəvi cəhətdən hazır idilər. Ermənilər illər boyu Azərbaycanın bahalı, müasir silahlar almasını müşahidə edir və inanırdılar ki, Azərbaycan erməniləri yalnız qorxutmaq istəyir. Ermənilər düşmən tərəfi alçaldır, onu lağa qoyub gülürdülər: “Onlar qorxaqdır, cəsarət etməzlər”.

Ötən il oktyabrın əvvəlində Qarabağ uğrunda könüllü döyüşmək üçün gəlmiş Levon Melkonyan xatırlayır ki, azərbaycanlılar müharibənin ilk günündən havada üstünlüyə malik idilər. Jurnalist yazır: “İrəvanın mərkəzində kafedə Levonla söhbət edirəm. O, ötən il oktyabrın əvvəlində Qarabağ uğrunda könüllü döyüşmək üçün gəlmişdi. Biz onunla ingilis və ərəb dillərində söhbət edirik. Levon rus dilini bilmir, çünki Livanda, Beyrutun ermənilər yaşayan məhəlləsində doğulub. O deyir: “Tanklar və zirehli maşınlar faydasız idi: Pilotsuz uçuş aparatları vasitəsilə onları yandırırdılar. Komandirlərin müşavirə keçirmək üçün toplaşdığı sığınacaqlar və binalar raketlərlə dağıdılırdı. Əlavə döyüş sursatı gətirmək mümkün deyildi: PUA-lar yük maşınlarını məhv edirdi. Mən bir ay sərhəddə toplanış məntəqəsində qaldım, bizi heç yerə göndərmirdilər, çünki hər bir maşın yolda havadan zərbə təhlükəsinə məruz qalırdı”.

“Mən özüm səhərdən yaxşıca içirdim”

Məqalə müəllifi yazır ki, İrəvanda hərbçilərin çoxu ilə söhbətdə bu fikri eşidirdi: “Ermənistan on minlərlə əsgər toplamışdı, amma sonra nə etmək lazım olduğunu bilmirdi, çünki qoşunları cəbhəyə çatdırmaq fürsəti əldən verilmişdi. Daha bir məqamı qeyd etməliyəm – döyüş əməliyyatları zonasında intizam məsələsi. Bu məqalənin lap əvvəlində söhbət etdiyim könüllü heç nəyi gizlətmir: o, ön xətdə postda əyləşib konyak içir. Aydındır ki, müharibə vaxtı bəzən elə vəziyyət yaranır ki, alkoqollu içkisiz ötüşmək olmur (mən özüm “cəbhə” ezamiyyətlərində onlarca dəfə olmuşam), Böyük Vətən müharibəsini və o dövr üçün məşhur “narkom 100 qramı” məsələsini yada salaq. Lakin “cəsarət” üçün içmək müntəzəm hal alanda sözdə cəsarət həddən artıq olsa da, ayıq başla mühakimə yürütmək və vəziyyətə çevik reaksiya vermək qabiliyyəti sıfra enir. Separatist dəstələrin əsgəri Araik Xaçikyan etiraf edir: “Bizim döyüş mövqelərində hətta zabitlər də artıqlaması ilə içirdilər. Axı qorxuludur. Mən özüm səhərdən yaxşıca içirdim, yoxsa pilotsuz uçuş aparatlarının partlayış səsini eşidəndə adamın əsəbləri tab gətirməz. Hətta belə şayiələr gəzirdi ki, bir nəfər yüksək vəzifəli erməni siyasətçi sərxoş vəziyyətdə generallara zəng vurur və onlardan dərhal bu və ya digər kəndə hücuma keçmələrini tələb edirmiş”. Xaçikyanın dediyinə görə, komandirlər çox vaxt rəhbərliyin sərəncamına əsla əhəmiyyət vermir və özləri bildikləri kimi hərəkət edirdilər. Bir sözlə, özbaşınalıq baş alıb gedirdi”.

“Hər gün dəfn mərasimləri olur”

Müharibədə həlak olanların dəfn mərasimləri hələ də davam edir. G.Zotov yazır: “Yerevanda hər tində gül satılır, amma bu, yenicə ötüb keçmiş 8 mart bayramı ilə bağlı deyil. Satıcı qadın Qayane sakit səslə deyir: “Qızılgüllər, qərənfillər yaman bahalaşıb. Əlbəttə, oktyabr-noyabr aylarında hər gün onlarca cavanı dəfn edirdik... Sonra anma mərasimləri keçirilir, bununla əlaqədar məzarların üstünə gül düzülməlidir... Hələ də cəsədlər tapılır, onları dəfn edirlər... Min beş yüz nəfər itkin düşüb... Mən bir şeyi başa düşmürəm, “İsgəndər” silahlarından nə üçün istifadə etməyiblər?”

Bu taktiki-raket kompleksləri Ermənistana çoxdan göndərilmişdi, lakin müharibə günlərində həmin silahları tətbiq etmədilər. Azərbaycanın Gəncə şəhərinə yalnız köhnə sovet raketləri atdılar. Ermənilər oradakı hərbi bazanı vurmağa çalışırdılar, lakin nəticədə yaşayış məhəllələri dağıdıldı, nəticədə ermənilər dinc sakinlərin qatilləri kimi tanındı”.

Müəllifin fikrincə, Qarabağ uğrunda müharibə Rusiyaya da yaxşı dərs olub. G.Zotov yazır: “Bəli, indi 90-cı illər deyil, Rusiya ordusunda intizam sarıdan hər şey qaydasındadır, əsgərlər də cəsurdurlar. Lakin təəssüf ki, yuxarıda dediyim kimi, müasir şəraitdə təkcə cəsurluq hesabına döyüşdə qalib gəlmək olmaz. Elektron üsullarla idarə edilən, Türkiyə istehsalı olan ən yeni pilotsuz uçuş aparatlarından uğurla istifadə edilməsi əyani şəkildə göstərdi ki, indiki dövrdə müharibə metodları çox sürətlə dəyişir. Ümidvaram ki, tezliklə Rusiyada Türkiyə istehsalı olan dronlardan keyfiyyətcə geri qalmayan PUA-lar istehsalı başlanacaq. Bizim heç də bütün qonşularla münasibətlərimiz yaxşı olmadığı üçün sürprizlərə hazır olmaq lazımdır. Lovğalıq isə heç lazım deyil. Bu, Ermənistana kömək etmədi”.

GAXA.ge