Məsuliyyət hissi...

... Namərdin oxu arxadan dəyər, mərdin oxu sinəyə tuşlanar... Namərdin düşüncəsi qara olar oxu atanda, mərdin düşüncəsi də mərd olar! Mərd oxunu namərdcəsinə atmaz. O, döyüşdə mərdi-mərdanə, qarşı-qarşıya döyüşər,  arxadan vurmaz!

Heç kim bizi ittiham etməsin ki, biz xaricdə yaşayırıq və fəaliyyət göstəririk! Qeyri-hökumət təşkilatının sədri kimi düşünürəm ki, bizə vətənimizin siyasi, iqtisadi qüdrətinin möhkəmləndirilməsi naminə və Azərbaycan naminə, eləcə də azərbaycançılıq ideyalarının təbliği üçün, gürcü və Azərbaycan xalqının dostluğunun daha da möhkəmləndirilməsi üçün həyata keçirdiyimiz  təqdirəlayiq fəaliyyətimizi genişləndirməyə heç kim mane olmur və əksinə, azərbaycanlı jurnalistləri təmsil edən bir təşkilat kimi demokratik şəraitdə uğurlarımızı genişləndiririk!

Təbii ki, fəaliyyətimizdə nöqsanlar da ola bilər. Bundan heç kim qaça bilməz. Düşünürəm ki, biz cəsarətli addımlarımızla bu nöqsanları düzəldəcəyik. Əlbəttə, fəaliyyətimizə mane olan ünsürlər də var, lakin düşünürük ki, bar verən ağaca daş atan da tapılacaq. Biz jurnalistlər saf əqidəli həmkarlarımızdan və digər ziyalı təbəqədən bizə qarşı səsləndirilən cəfəngiyyat fikirləri və yazdıqları faktları dəqiqləşdirməyə çağırırıq. Yalanlara, iftira və şər fikirlərə inanmayın. Bizə badalaq vuranlara o uca Allah da badalaq vuracaq! Biz doğru yoldayıq və bir gün olacaq ki, mənim sözlərimin doğru olduğuna inanacaqsınız. Biz zəif bənd deyilik!  

Bizi müasir zamanda Azərbaycanın və Gürcüstanın maraqları düşündürür. Çalışırıq ki, fəaliyyətimizi hər iki yaxın, dost və mehriban qonşuluq siyasətində həmişə bir-birini dəstəkləyən tərəfdaş və ən başlıcası, strateji ölkələrimizin hər sahədə inkişafını yaxından dəstəkləyək.

Bir daha bəyan edirik ki, harada yaşamağımızdan asılı olmayaraq Gürcüstan və Azərbaycan dövlətinin milli maraqları bizim üçün ən başlıca mövqedir və biz də bu istiqamətdə məsuliyyət daşıyırıq!

Nizami Məmmədzadə, Azərbaycanın Əməkdar Jurnalisti