Bu gün Gürcüstanda Analar Günü qeyd olunur

Martın 3-də ənənəvi olaraq Gürcüstanda Analar Günü bayramı kimi qeyd olunur. GAXA-nın məlumatına görə, bayram münasibəti ilə Gürcüstanın bütün şəhər və rayonlarında dövlət və hökumət nümayəndələrinin iştirakı ilə tədbirlər keçirilir, Analar Günü bayramı ilə bağlı qadınlar gül-çiçək dəstələri ilə təbrik edilir, onlara övlad məhəbbəti, hörmət və sevgi, qayğı bildirilir. Bu tarixi bir gündə Gürcüstanın azadlığı uğrunda həlak olan hərbiçilərin anaları, həyat yoldaşları da unudulmur, bir buket gül-çiçəklə təbrik edilir.

Bayram münasibətilə Gürcüstan vətəndaşları ölkənin bütün şəhərlərində, kənd və qəsəbələrindəki hər ailədə Analar Gününü qeyd edir, mümkün qədər kiçik tədbirlər keçirirlər.

Qeyd edək ki, Analar Günü bayramı 1991-ci ildə Gürcüstanın ilk prezidenti Zviad Qamsaxurdiyanın təşəbbüsü ilə təsis edilib və Gürcüstanın Ali Şurası bu təşəbbüsü təsdiqləyib. Bu bayram hər il martın 3-də qeyd edilir.

Gürcüstanda 3 mart rəsmi olaraq iş günü hesab edilmir.

Məlumata görə, bu bayrama görə 8 Mart Beynəlxalq Qadınlar Günü ləğv edimişdi və Eduard Şevardnadzenin prezidentiliyi müddətində 8 Mart Beynəlxalq Qadınlar Gününə bayram statusu geri qaytarıldı. Həmin vaxtdan etibarən Gürcüstanda həm 3 Mart, həm də 8 Mart qeyd olunur.

Qeyd edək ki, Analar Günü dünyanın 46 ölkəsində sevinc və sevgi ilə keçirilir.

Biz də Gürcüstan Azərbaycanlılarının Xəbər Agentliyi olaraq bütün anaları bu əlamətdar gün münasibətilə ürəkdən təbrik edir, onlara həmişə gülər üz, səadət, xoşbəxtlik və sülh içində yaşamağı arzu edirik.

Ulu Peyğəmbərimiz həmişə qeyd edərdi: “Cənnət Anaların ayaqları altındadır!”

Borçalıda yaşamış və ömrünü poeziyaya, şeirə həsr etmiş və 30 yaşında bu dünyadan nakam gedən gənc şair İsa Sadiq isə analara yazdığı şeirində deyib:

O, elə bəstəkar, elə şairdir,

Min ilham pərisi onun səsində,

Özü bir beşiyə laylalar deyir,

Xəyalı dolaşır Yer kürəsində.

GAXA.ge