Gürcüstanda yeni hökumət təsdqlənib

Gürcüstan parlamenti İrakli Qaribaşvilinin rəhbərlik etdiyi yenilənmiş nazirlər kabinetini təsdiq edib. GAXA-nın məlumatına görə, səsvermədə 91 deputatdan  89 deputat lehinə, iki nəfər isə əleyhinə səs verib. 

Yeni Nazirlər Kabinetinin təsdiqlənməsi proseduru bazar ertəsi bütün günü davam edib. Sonra parlament bürosunun iclası və daha sonra plenar iclas keçirilib. İclasda İrakli Qaribaşvili çıxış edərək deputatlara Gürcüstanın yeni hökumətinin gələcək addımlarını təqdim edib.

Səsvermə proseduru "komendant saatı" başladıqdan sonra, saat 22 radələrində baş tutub.

Gürcüstan parlamenti yeni Nazirlər Kabinetinə və paralel olaraq "Avropa dövlətinin qurulması üçün" hazırlanmış hökumət proqramına etimad göstərib. Proqramın əsas prioritetləri iqtisadi böhranın həlli, səhiyyə və dövlət qurumlarının gücləndirilməsidir.

 Yeni hökumətin siyahısını oxucularımıza təqdim edirik:

- Baş nazir – İrakli Qaribaşvili

- Təhsil, Elm, Mədəniyyət və İdman naziri - Mixeil Çxenkeli

- Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı naziri - Levan Davitaşvili

- İqtisadiyyat və Dayanıqlı İnkişaf naziri - Natia Turnava

- Müdafiə naziri - Cuanşer Burculadze

- Məcburi Köçkünlərin İşləri, Əmək, Səhiyyə və Sosial Müdafiə naziri - Yekaterina Tikaradze

- Ədliyyə naziri - Qoça Lortkipanidze

- Regional İnkişaf və İnfrastruktur naziri - İrakli Karseladze

- Xarici İşlər Naziri - David Zalkaliani

- Maliyyə Naziri - İvane Maçavariani

- Daxili İşlər Naziri - Vaxtanq Qomelauri

- Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri Üzrə Dövlət Naziri - Tea Axvlediani.

Xatırladaq ki, Qiorqi Qaxaria keçən həftə istefa verdikdən sonra hökumətin baş nazir postu vakant olaraq qalmışdı. Q. Qaxaria siyasi böhran fonunda istefa vermişdi.

 Məlumata görə, Qaribaşvili hökumətində müdafiə naziri Cuanşer Burculadze və Gürcüstanın regional inkişaf və infrastruktur naziri İrakli Karseladze yeni simalardır.

GAXA.ge