Çırmanırıq keçməyə çay gəlməmiş...

Marneulidə içməli su və suvarma su qıtlığı var. Marneulidə bu vacib məsələ hələki heç bir dövlət məmurunu düşündürmür. GAXA-nın məlumatına görə, hər bir kənd sakinini dindirsən, suvarma və içməli su qıtlığından sinədolusu danışır. Elə götürək Marneuli şəhərini. Vaxtilə Marneuli meriyası Marneulidə 24 saat, yəni gecə-gündüz içməli su olacağı haqqında ağızdolusu çıxışlar edilirdi. Seçkilər yat-küt olduqdan sonra Marneulidə içməli suyun əhaliyə çatdırılmasının vaxt müddəti azalmağa başladı və təqribən gündüz saat 16:00 radələrində əhaliyə verilən içməli suya sanki şəhər sakinləri növbəyə dururlar. Sakinlər küçələrə çıxır və “baklarımız hələ dolmayıb”,-deyə telefonlardan asılı qalırlar. Telefonlara isə cavab verən yoxdur. Havaların soyuq keçməsi zamanı sular da donur və əhali su üzünə həsrət qalır.

Eşitdiyimizə görə, Marneulidə bəzi içməli su boruları indi təmir olunur. Görəsən, qış günlərində Gürcüstanın Birləşmiş Su Təchizatı Şirkətinin Marneuli Mərkəzi istilər vaxtı hara baxırdı?

İstər içməli, istərsə də suvarma su kanalları, kəndlərə istiqaməti olan arxlar yarıtmaz haldadır. Çayların üzərində və əkin-səpin sahələrinə gedən çay qollarına  isə suvarma suyu tənzimləmək üçün şlyüzlər qoyulmayıb.

Marneuli ərazisində yaşayan kənd sakinlərinin bu vacib məsələ barədə sualları çoxdur. Düşünürük ki, yay gələndə çırmanmağa su tapmayan vətəndaşlarımız su olmadıqda meria idarəsinə və su idarələrinə axışacaqlar. Bax, onda görəsən əhaliyə cavab verən olacaqmı? Sonra isə bir yerə toplaşıb problem qaldıranda sakinlər bir-birini qınayacaqlar: “Çırmanırıq keçməyə çay gəlməmiş!” İndi isə problemləri indidən deyirik ki, meriya ölçü götürsün. Allah görkəmli şairimiz Mirzə Ələkbər Sabirə rəhmət eləsin. O, yazırdı: "Başlayırıq qızmağa yay gəlməmiş!"

Saytımıza daxil olan məlumatda isə bildirilir ki, Kirovka kəndinin Debed çayına yaxın ərazidə suvarma su stansiyasından ətraf kəndlərə suvarma su verilmir. Su tələb edənlərə isə stansiyanın işləməsində problem olduğunu və təmir edildiyini bildirirlər.

GAXA.ge