Əflatun Amaşovun "Qaragöz" romanı (ikinci hissə)

Yeddi yaşıma qədərki uşaq dünyamı öz əsrarəngiz  nağılları ilə  zənginləşdirən nənəmin əziz xatirəsinə

***

Hasan gözlərini aça bilmirdi, amma kənardan deyilən sözləri qırıq-qırıq da olsa eşidirdi. “Yazıq, özü də uşaqdı, bığ yeri təzəcə tərləyib”, - tibb bacısınin yanıqlı səsi gəlirdi. “Elə uşaq olması yaxşıdı, tez sağalar”, - bu da həkimin soyuqlanlı səsi. Araya çökən sakitlik çox çəkmədi. Həkimin amiranə tərzdə “təzyiqini ölç” deməsini Hasan güc-bəla ilə eşitdi...

Getdikcə səslər uzaqlaşdı və kəsildi... Sonra elə bil hava da çəkildi, Hasana əvvəlcə tövşümə, sonra boğulma gəldi. Havasızlıq zülmət sonsuzluqla əvəzlənəndə nəfəs almağa gərək qalmadı, birdən-birə sakitləşdi, sinəsinin qalxıb-enməsi dayandı. Kənardakıların ora-bura qaçaraq ucadan danışmaları, sonra nəyisə gözləyirlərmiş kimi susmaları onu heç narahat da etmədi.

Sakitliyi Qanığın pəncərədən gələn zingiltisi pozdu. O, xəstəxananın həyətində quyruğu üstə oturub gözünü palatanın işıq gələn pəncərəsinə zilləmişdi. İçəridə baş verənlərdən agah olmağa çalışırdı. Hiss etdi ki, ucuz bezdən tikilmiş pərdədən görünən siluetlərin hərəkəti birdən-birə qarışdı, sanki bir-birilərinə dəydilər. Bir əlçim külək pərdəni keçib ağ işığa çevrildi, Qanığın başı üstündən ötərək ulduzlara tərəf üz tutdu. İşıqla bərabər ətrafı qəribə qoxu bürüdü. Doğma gəldi. Hasanın onu sığalladığı, özünün də tez-tez iylədiyi əllərinin qoxusu idi. Qanıq həmin doğma qoxunu ciyərlərinə çəkə-çəkə başını ağ işığa tərəf döndərdi. Əvvəlcə ağ işığın dalınca bir neçə ağız hürdü, sonra Hasana imdad diləyirmiş kimi ahəstə ulamağa başladı. Qanığa elə gəldi ki, ağ işıq onu da özünə bürüyüb aparır…

Həkimlər Hasanı maşından düşürüb xərəyə uzadanda Qanıq dabanbasdı özünü xəstəxananın həyətinə salmışdı. Elə o vaxtdan Hasanın palatasının pəncərəsinin qənşərində necə oturmuşdusa, eləcə də qalmışdı. Gecədən hec nə yeməmişdi, heç nə içməmışdi də. Mane olan da  yox idi. İlk gəlişində Qanığı laqeyd hürüşmələrilə qarşılayan bir sürü it onu artıq unutmuşdu - sanki girə biləcəkləri kol olmadığını ilk tanışlıqdaca hiss etmişdilər, hec həndəvərinə də fırlanmırdılar…

* * *

Hasanı çarpayıya necə uzatmışdılar, eləcə də qalmışdı. Ölməyə qoymurdular. Həkim ürəyini masaj edirdi. Tibb bacısı bilmirdi nə etsin, əlində yaş tənzif Hasanın başına fırlanırdı, qeyri-ixtiyari orasını-burasını silirdi.

Hasan özündə deyildi, bədəni soyumuşdu. Amma Qanığın səsini eşidirdi. Səs cox-çox uzaqlardan – Qoşa Qardan, Qurd Ölən Yerdən gəlirdi. Buna eşitmək demək olmazdı. Səs sanki işıq dənəciklərinə çevrilir, Hasanın gözləri önündə bərq vururdu. Qanıq uladıqca işıq böyüyürdü, böyüdükcə dar, ağ yola dönürdü…

Hasanın özü də bu yolda yolçu olmuşdu, nəfəs kimi yüngülcə Qurd Ölən Yerə üz tutmuşdu:  özünü necə də xoşbəxt sanırdı, nə ağrısı vardı, nə acısı. Həm də tək idi, yol isə boş. Necə istəyirdi, elə də uçurdu. Uça-uça da fikirləşirdi ki, niyə əvvəllər uçmağın sirrini öyrənməyib. Burada çətin bir şey yoxmuş ki… Ayaqlarını cütləyirsən, qurtardı getdi. Öz-özünə söz verdi ki, ona qarşı nə qədər qəzəbli olsa da uçmağı mütləq qocaya da öyrədəcək. O yazıq da yanını oturduğu daşın üstündəki palazdan ayırsın.

Birdən arxadan hənirti hiss etdi və yanından Qanığın keçdiyini gördü. Qanıq da uçurdu, amma başqa cür. Uzun çənəsini irəliyə, ayaqlarını geriyə elə uzatmışdı ki... Tərpənən yalnız quyruğu idi, sağa-sola yellətməklə hərəkətini tənzimləyirdi. Onlar bir-birlərini ötə-ötə xeyli irəlilədilər. Hər ikisinə elə gəldi ki, çoxdan, lap çoxdan, dünyanın başlanğıcından birlikdə uça-uça gəlirlər. Nələr də görməmişdilər. Həmişə üç yoldaş olardılar. Bəs Qaragöz harda qalıbdı, görəsən?

-  Yadındamı, - küləyin aramsız uğultusuna bürünən səsi ilə Hasan dilləndi. - Xəndəkdə müşriklərin peyğəmbərimizə tuşlanan oxlarını havada necə tuturduq?   

-  Sultan Səlimin toplarından çıxan mərmilərini niyə saxlaya bilmədik? - yan tərəfən Qanığın səsi gəldi.   

- Çaldıran şeytanların əməli idi. Baş verməli idi. Şeytanlar əvvəlcə Əlaüddövlə Bozqurdu başdan çıxardılar ki, qızını şaha ərə verməsin.

- Niyə vermədi ki?

- Şah şiə idi.

-  Nə olsun ki... Hamımızı Tanrı yaratmayıb? 

- Görmürdün, şeytanlar həmin gün dağlardan necə də tökülüşmüşdülər?! Meyitlərimizi, yaralılarımızı götürməyə imkan vermirdilər. Neçə gün dağılışmadılar, faciəmizi bayram etdilər…  

Bir qədər də uçub yolu yarıladılar. “Qurd Ölən Yerdə görüşəndə səni çox ciddi məsələdən agah edəcəm”, - deyərək Qanıq quyruğunu yelləməklə ulduzlara tərəf üz tutdu.

Hasan tək qalmışdı, amma bayaqkı ləzzəti ala bilmirdi. Yalqız idi, üşünə-üşünə baxışlarını uzaqlara zilləyib müəzzəm kəhkəşanın içində Qanığı axtardı. Tapa bilmədi…

Mənzil başına çatanda səma aydın idi. Ay işığını gecənin qaranlığından əsirgəməmişdi. Qurd Ölən Yerdən görünən hər yer – Qoşa Qarın çaqqalların yay ağzı ulaşan yüksəklikləri, həmin yüksəkliklərdə nə vaxtsa daşlardan ucaldılan gözətci qüllələri, onları  bir-birləri ilə birləşdirən sökük-salxaq daş hasarlar, Göy Qayanın göy rəngə çalan sıldırımlı zirvəsi, o zirvədən heyvanların Qurd Ölən Yerə qədər açdıqları nazik cığırlar sanki Hasanın ovcunun içində idi...

Hasana qəribə gəldi, bir az da özünü məzəmmət etdi, anladı ki, hələ cox şeyi bilmir, uçmağı da indi öyrənir, Göy Qayadan enən cığırları da elə indi görür. Bəlkə elə bu cığırları gecələr yurd yerinə enən, Qanığın qorxusundan tez də baş götürüb uzaqlaşan canavarlar açıblar. Bəs nənəsi niyə ona hec nə deməyib. Tez fikrindən daşındı, “yəqin, məni qorxutmayıb. Belə olmasaydı, söylərdi”, - deyə mızıldandı.

Hasan öz aləmində idi. Ulduzların parlaqlığının getdikcə azalmasına, həm də sanki seyrəlmələrinə fikir verməmişdi. Səmada yeganə parlaq olan Dan ulduzu qalmışdı. Elə işıqlı idi ki, başını kim yuxarı qaldırsaydi, istər-istəməz diqqətini cəlb edəcəkdi. Hasan da Dan ulduzuna xeyli tamaşa etdi, sonra baxışlarını Qoşa Qarın zirvəsindən boylanan Aya yönəltdi. Baxdıqca düşündü ki, görən Ayın üstündəki apaydın görünən ləkə doğrudanmı Günəşin barmaqlarının izidir. Balaca olanda nənəsi danışmışdı. O həmişə Günəşə Gün deyərdi, Hasan bircə dəfə də onun dilindən Günəş sözü eşitməmişdi.

Çoxdan, lap çoxdan hələ adamlar dünyaya gəlməyəndə Günün Ay adlı qızı var imiş. Bir dəfə Ay çox acıbmış, anası tələsik xəmir yoğurur ki, çörək bişirsin, o da doyunca yesin. Aclığa dözə bilməyən Ay hər addımda anasının ayağına dolaşır. Gün hirslənir və xəmirli əli ilə onun sifətinə bir sillə çəkir. Hər dəfə nənəsi nağılın bu yerinə çatanda Hasan fikirləşərdi ki, görəsən, bu sillə olmasaydı, Ay Yerə çoxmu işıq saçardı? Kaş vurmayaydı, gecə də gündüz kimi olardı, adamlar da çöldə qalan heyvanlarını daha tez tapardılar.

Hasan gözlərini Aydan çəkmirdi. Bu dəfə onun üstündəki ləkəni ayıya bənzətdi. Qonur bir ayıya. Bu nağılı da qonşularındakı Yetər arvad danışardı. Dəcəllik edən balaca ayı anasının qorxusundan evdə gizlənməyə yer tapmır, anası döyməsin deyə hoppanıb ayın üstünə çıxır. Elə o gündən də düşə bilmir, ağzının suyunu axıda-axıda hər şeyə tamarzı kimi həsədlə aləmi seyr edir.

Qonşulardan kim ki Yetər arvadın xətrinə dəyərdi, məsələn, təndirdə çörək bişirəndə öz nobatını ona verməzdi, Ay göydə oldu-olmadı fərqi yoxuydu, əlini qaldırıb qarğışını həmin adama tökərdi: “Görüm səni o ayı kimi hər şeyə tamarzı qalasan, hey!”

Kimsə rişxəndlə deyəndə ki, hardan bildin o tamarzıdır? Yetər arvad hər dəfə özünəməxsus cavablar verərdi. Daha çox “Elə deyilsə, heç olmasa qəddini düzəldib kişi kimi otursun”, - deyərmiş.

Hasan ilk dəfə bu söhbəti eşidəndə ayını Ayın üstündə ayaqlarını aşırıb oturduğunu, özünü də onun tərkində təsəvvürünə gətirmişdi. Görən ordan Qoşa Qar necə görünərdi? Çağırsaydı, Qanıq, Qaragöz eşidərdimi?

Nənəsi bir dəfə demişdi ki, Ay da adam kimidir, ona çox baxsan acıqlanar, gözlərini kor edər. Hasan diqqətini Aydan çəkdi. Yadına düşdü ki, nənəsi heç vaxt Aya baxmazdı, hər dəfə Ayı görəndə yaşmanardı. Niyə belə edirdi? Səbəbini dəfələrlə nənəsindən soruşmaq istəmişdi, nəyə görəsə sonraya saxlamışdı. Amma gərək soruşaydı. Bunu Hasan indi beynindən keçirdi. Peşmançılıq hissi onu qəhərləndirdi.

Hasan hiss etdi ki, belə getsə, nənəsi ilə bağlı düşüncələrdən ayrılmasa, beyninə başqa xatirələr də gələcək. Onların vaxtı isə indi yox, gecə yuxuya getməmişdən əvvəl ola bilərdi. Hasan axşamlar yata bilmirdi, yorğanı başına çəkib dərin düşüncələrə qərq olurdu. Bəlkə də özü yatmaq istəmiridi, bunu heç özü də bilmirdi, keçmişlərdə olub-keçənləri xatırlayırdı, nənəsi də həmişə həmin hadisələrin baş qəhrəmanı rolunda olardı. Səhərlər də nənəsinin onu səsləməsilə gözlərini açardı.  Xatirələr tükənməz idi. Hasanın 15 illik həyatının hər anını əhatə edirdi. Burada nənə-nəvə sevgisi də vardı, nəvazişi də, onun başına gələnlərədən nənəsinin çəkdiyi əzab da. Nənəsini daha çox incidən, narahat edən sonuncular idi…

***

Bir dəfə şər qarışanda Hasan yoxa çıxmışdı. İki, bəlkə də üç yaşı olardı. Hara getmişdi, kim aparmışdı, bilən yox idi. Qocanın da dili söz tutan vaxtları idi, uşağın yurd yerindən uzaqlaşmasını hiss etməmişdi, bəlkə şəraiti özü yaratmışdı. Nənəsi hər yeri ələk-vələk eləmişdi, nəhayət səhər açılmamış Hasanı Qurd Ölən Yerdə başını mamırlı daşa qoyub mışıl-mışıl yatarkən tapmışdı. Qorxmasın deyə uşağı oyatmamışdı. Ehtiyatla qucağına alıb alaçığa qayıtmışdı. Səhərisi Hasanı sorğu-suala da tutmamışdı.

O gündən nənəsi onu gözündən kənara buraxmamışdı, hətta yatanda da daim əli üstündə olardı. Bir müddətdən sonra əhvalatı Hasan özü açmışdı. Onu Qurd Ölən Yerə sarı saçlı, özü də sapsarı bir qız aparıbmış. Yuxusu gələndə, o, hörüklərinin bir hissəsindən daşın üstünə sərib Hasan üçün döşək düzəltmiş, qalanını da açıb onun üstünə yorğan əvəsi səribmiş. Qanıq da ordaymış. Hasanın başının üstündə keşik çəkirmiş, arada da onun dağ havasından qızarmış totuş yanaqlarını yalayırmış. 

Nənəsi Hasanın dediklərini eşidəndə təşvişə düşmüşdü. Axı uşaq yoxa çıxanda Qanıq hələ bağından açılmamışdı. Hasan dediyi Qanıq ola bilməzdi. Nənəsinin narahatlığı artmışdı. Yadına bir neçə gün əvvəl axşam Qanığa yem aparanda uzaqdan onun yanında eynən Qanıq olan başqa bir iti də gördüyü düşdü. Onda inanmamışdı, elə bilmişdi ki, gözü alacalanıb, iti iki görüb. Çatanda Qanıq təkcə idi. Quyruğunu qısıb sahibinin hərəkətlərini izləyirdi...

Bəs uşağın gözünə görünən o sarısaçlı kim imiş?  Nənəsi elə bundan qorxmuşdu. “Yenə əl çəkmir. İndi nə istəyirsən bizdən, ay ləçər? “– bir az qəzəbli, bir az da hürkək tərzdə öz-özünə deyinmişdi: “Hə, Vəli bəsin olmadı, anası bəsin olmadı, oğlu bəsin olmadı?  Hasanı verməyəcəm sənə, yox, verməyəcəm”.

Cinlərin onların başına gətirdiyi bəlaları götür-qoy edə-edə Hasanın nənəsi sabahı gözləyidi. Kim erkən arana getməliyidi onu tapıb Faxralıya ismarıc göndərəcəydi ki, Yetər arvadı durmadan Məşədi Mustafanın yanına yollasınlar. Hasan üçün elə dua yazilsın ki, cin tayfası ondan birdəfəlik uzaq dursun...

*  *  *

Hasanın gözünə görünənin cin olmasında şübhə yeri qalmamışdı. Başqa vaxt olsaydı, nənəsi cindən qorxmazdı. Bu yerlərdə cox az adam tapılar ki, ömründə heç olmasa bir dəfə onunla qarşılaşmasın. Elə bir arabaçı olmazdı ki, gecələr onun arabasının quyruğunda cin oturmasın. Hətta xüsusi yerlər var ki, günün günorta çağı ayaq bassan, onun nəfəsi mütləq sənə dəyəcək. Ona görə də böyüklər məsləhət görürdülər ki, Qurd Ölən Yerdən enib Cinli dərəyə düşəndə mütləq kəlmeyi-şəhadət gətirməlisən. Üstəlik imkanın olsa, üstündə iynə-sancaq da gəzdirməlisən ki, gözünə heç nə görünməsin.  Çünki cinlərin ən cox qorxduğu “Bismillah” sözünü eşitmələri idi və bir də adicə iynə-sancaq.

Nənəsinin Hasan üçün qorxması əsassız deyildi. O bilirdi ki, cinlər gözə hər yaşda, hər formada görünə bilirlər. Çirkin də ola bilirlər, gözəl də. Elələri var ki, cavanların gözlərində mələk olurlar. Ürəklərini ovladıqdan sonra min oyundan çıxırlar, aldadırlar, yoldan çıxarırlar, sonra da dəli edib çöllərə salırlar.

Cinlərin düşmənçiliyi də amansız olur. Kimlər ki onları incidir, müxtəlif fəndlərlə tutub öz dəstəsindən ayırır, işləməyə təhrik edir, sənə düşmən kəsilirlər, ömürləri boyu düşmənçilik edirlər. Ömürləri də min illərlədir. Nənəsi qorxmasa da bilirdi ki, buraların cinləri onlara düşməndir. Vəlini yazıq etmədilərmi, evdən-eşikdən didərgin salmadılarmı o bicarəni?

Həmin əhvalatı bu gün də yerli aşıqlar dastan edib danışırlar. Axşamlar əl-ayaq yığılanda, adamlar işlərini qurtarıb vaxt keçirmək üçün bir yerə toplaşanda söhbət ya cindən düşür, ya da canavardan. Mütləq də Vəlinin cini necə tutması ilə yekunlaşardı. Bu qəmli dastanı adamlar hər dəfə də göz yaşları içində dinləyərdi, hətta cinə rəğbəti olanlar da tapılardı.

Vəli də Vəli imiş, qoçaqlığı, qorxmazlığı dillərdə əzbərdi. Onun tövlədəki atını cinlər gecələr minib çapırmışlar, səhərisi at tər içində, yalmanı da, quyruğu da hörülmüş halda olarmış. Vəli bunu şəninə sığışdırmır, gecələr yuxuya həsrət qalır, çox əlləşir və nəhayət, cinlərdən biri atın belinə sürtdüyü qətrana yapışıb qalır.  Bu, nərmənazik bir qız imiş. Özü kimi saçları da sapsarı. Qız Vəliyə yalvarır ki, onu buraxsın.  Vəlisə nə onun yalvarmağına, nə də vədlərinə fikir verir, sancağı paltarına bərkidib evə gətirir, adını da Sara qoyur. O gündən cin ailənin bir üzvünə çevrilir, onun üçün küncdə yatmağa yer də ayırırlar. İşi hər gün bulaqdan su gətirmək, bir də evi-eşiyi silib-süpürmək olur.

Saranın həyatı cansıxıcı keçirdi. Getdiyi yer bulaq başı, gəldiyi yer ev idi. Heç kəslə əlaqə saxlamırdı, axşamlar hamı deyib-güləndə, bir tərəfə çəkilib içində taleyinə xısın-xısın ağlardı. Doğmalarının gecələr başına toplaşması, halına yanmaları onu heç cür ovundurmurdu. Saranı qurtarmaq üçün yollar axtarırdılar. Ustəlik Vəlinin anası da sancağı elə yerə bərkitmişdi ki, onu çıxarmaq üçün Sara gərək anadangəlmə olaydı.  Danışırdılıar, bir-birlərinə məsləhətlər verirdilər, dan yeri ağarmamış da dağılışırdılar. Amma heç biri qorxusundan əlini sancağa yaxınlaşdıra bilmirdi ki, onu çıxarsın.

Vaxt keçdikcə Saranın dərdi böyüdü, cinlər aləminə yayıldı. Başına toplaşanların sayı çoxaldı. Uzun gecələrin birində əcinnələrin ən hiyləgər qocası da dəstəyə qoşuldu. Saranı diqqətlə dinləyib ucadan qəhqəhə çəkərək xeyli güldü və rişxəndlə söylədi: “Siz hansı dumansız atəşdən yoğrulmusunuz ki, torpaqdan yarananın qabağında aciz qalmısınız?! Unutmayın, sancağı Adəm övladı sancıb, o da bu dərdə əlac edəcək”.

Qoca əcinnə getməmişdən əvvəl Saraya xeyli məsləhət verdi. O gündən Sara dəyişməyə başladı. Deyib-güldükcə gözəlliyi də artdı. Vəliyə daha nəvazişlə qulluq etdi, qabağına ən təmiz süfrə saldı, çöldən gələndə ayaqlarını xumar-xumar yudu, təbəssümlü baxışlarını ondan əsirgəmədi.

Vəli özü də bilmirdi nə baş verir. Hara gedirdi, Sara üçün darıxırdı. Onun nərmanazik bədəni, yeridikcə atılıb-düşən uzun qoşa hörükələri, üzünə tökülən halqa telləri Vəlinin gözləri önündən getmirdi, gecələr gördüyü yuxular da elə Saradan oldu. Bu sevgi onun baxışlarındakı qorxmazlığını, səsinin ötkəmliyini daha da artırdı. Adamlar Vəlidən daha cox qorxdular, onunla üz-üzə gəlməkdən çəkindilər. Salam verəndə bilmirdilər necə alsınlar. Ucadan cavab versəydilər, deyəcəydi ki, bu nə qudurğanlıqdı, məgər mən karam, salamı sakit alsaydılar, deyəcəydi, bu nə saymamazlıqdı, deyəsən, böyümüsən!

El arasında yayılan söz-söhbətlər Vəli ilə Saranın toy xəbəri ilə səngidi. Hamı toya gələcəkdi, kimisi hörmətdən, kimisi qorxudan, kimisi də adicə maraqdan.

Toy üçün iki mağar qurulmuşdu. Birinə heç kimi buraxmadılar ki, qız tərəfi - cinlər özləri-özlərilə şənlənsinlər. Sara isə ağ ipəkdən hazırlanmış uzun, qaraçılar sayaq zınqrovlu paltarı ilə hər iki tərəfdə süzürdü.

Qonaqlar dağılandan sonra Vəli sevimli Sarasını gərdəyə aparmışdı. Orada nələr baş vermişdi, bu barədə heç kim heç nə bilmir. Amma onu dəqiq bilirlər ki, Sara elə oradaca qeybə çəkilibmiş. Sonralar həkim qalmayibmış ki, Vəlini göstərməsinlər. Biçarənin dərdinə çarə tapılmadı. O vaxtdan ona Dəli Vəli deyiblər.

Vəli yorulmaq bilməyib, dayanıb-durmayıb, hər yerdə Saranı axtarıb. O zamanlar Vəlini Cinli Dərənin Qurd Ölən Yer səmtində görənlər az olmayıb. Gecəli-gündüzlü təkbaşına iri daşları divar kimi düzüb, Qurd Ölən Yerdən Cinli dərəyə daravaza da qoyubmuş. Həmin daravazaya vaxtlı-vaxtında qətran da sürtürmüş ki, Sara gəlib keçəndə onu tuta bilsin. Təkrar-təkrar öz-özünə söz verirmiş ki, Saranı tutsa, Tanrı da gəlsə buraxmayacaq. Vəli çox gözləyib, gecəli-gündüzlü gözünü qətrandan çəkməyib. Tale-qədər Saranı qapıdan keçirməyib.  

Vəli Saranı son dəfə Göy Qayanın insan ayaqları dəyməyən zirvəsindən ona əl eyləyən görübmüş. Həmin günün səhəri Vəlinin daşlara çarpılıb parça-parça olan, al qana bələnən meyidini Göy Qayanın Qurd Ölən Yer səmtindəki sıldırımın dibində tapıblar.

Bu itkinin ağrıları qəlblərdən çəkilməmiş, toydan düz doqquz ay doqquz gün keçəndən sonra onun qəbrinin üstündə bir at dayanıbmış. Özü də yalmanından tər-su axa-axa, belindəki köhnə-salxaq xurcunda da iki məsum körpə. Söhbət Vəlinin anasına çatanda, o, atı da, xurcunu da tanımışdı. Uşaqların ölüb-ölmədiklərini ayırd etmək üçün əlini xurcunun böğazındakı illərdən bəri açılmayan bağa uzadanda at da, belindəki xurcun da, onun içindəki bir cüt körpə də qeybə çəkilibmiş.

Onların əvəzində qəbirin üstündə Saraya bənzər bir körpə görübmüş. İnsafən uşaq oğlu ilə yarıalma imiş.

Vəlinin anası yenicə doğulmuş körpəni götürüb baş bilənlərin yanına yollanıbmış ki, bilsin, doğrudanmı, bu, onun oglunun yadigarıdır. Açilan kitabda uşağın nəvəsi olduğu göstərilibmiş. “Tanrı, kəramətinə şükür! Mənə balamın əmanətini göndərdin”, -  deyərək uşağı evinə gətiribmiş. O da həddi-buluğa çatanda uzun qış gecələrinin birində evə qayıtmayıb. Getməmişdən əvvəl söyləyirmiş ki, onu sarısaçlı bir qız çağırır. Cox axtarıblar, heç yerdə gördüm deyən olmayıb.

Bu qədər dərdə ananın ürəyi tab gətirməyib. Həmin şaxtalı qış gecələrinin birində onu Vəlinin qəbrinin üstündə tapıblar. Donmuş cəsədini torpaqdan güclə qoparıb elə orada dəfn ediblər. Uzun müddət o yerlərdə üç qəbir yeri var imiş. Sonuncunu Vəlinin oğlunun olduğunu söyləyirmişlər. İndi bu balaca əraziyə xalq arasında Dəli Qəbirstanlığı deyirlər. Adamlar yollarını həmin qəbirlərdən uzaq salırlar...

***

Hasan Qurd Ölən Yerə çatdı. Qoşa Qarın zirvəsindən gümüşü rəngə çalan böyük obyektin ona tərəf uçduğunu gördü. Obyekt qırmızı, yaşıl və sarı rəngə bürünmüşdü. O, Hasanın uşaqlıqdan gördüyü Şimaldan Cənuba, Cənubdan Şimala uçan təyyarələrə oxşamırdı, fərqli idi, əslində isə uçmurdu, sanki süzürdü, özü də səssiz-səmirsiz. 

Obyekt bir göz qırpımında ona çatdı və adam boyu qədər hündürlükdə heç bir dayağı olmadan dayandı. Obyektin ona tərəf olan pəncərəsi böyüdü, qapıya çevrildi və açıldı.  Qanıq hoppanıb düz Hasanın qabağında quyruğu üstündə oturdu:

- Gördün, demişdim görüşəcəyik. – Qanıq dilləndi. - Uzaq ulduzlardan gəlirəm. Səni cox ciddi məsələlərdən agah edəcəm.

Hasan bilmədi nə baş verir, amma qorxmadı, səmada, uzaqlarda sayrışan ulduzları aram-aram süzdü, yavaş-yavaş diqqətini Qanığı gətirən obyektə cəmlədi. Bir şey anlamadı. Onun barəsində heç eşitməmişdi. Nənəsi ona olsa-olsa uçan xalçalardan danışmışdı. Bir də Aşıq Qəribin bir göz qırpımında Sənan dağına necə çatdığını eşitmişdi. Bəs Qanıq? Bu odur?  Əvvəlki, yəni əsl Qanığa bənzəmir axı. Oturuşu-duruşu xeyli fərqlidir. Hasanı görəndə sığınması, özünü ona aram-aram sürtərək quyruğu ilə qıçlarını döyəcləməsi və nəhayət, düz gözlərinin içinə baxması, özü də uzun müdət baxışlarını çəkməməsi idi Qanığı Hasana sevdirən. Hasan onu ta doğulduğu vaxtdan tanıyırdı. Anası Qoşa Qarın yaylasında sürüyə hücum edən bir sürü canavarla təkbaşına qalanda dərin yaralar almışdı. Taqəti qalmamışdı balasını əmizdirməyə. Onda Hasan Qanığa özü baxmışdı, hər gün Ala Düyənin südündən vermişdi. O gündən Qanıq Hasandan əl çəkməmişdi, qoxusunu lap uzaqlardan hiss edirdi, harada olur-olsun bir göz qırpımında başının üstünü alırdı.

Bir dəfə Hasan bərk soyuqlamışdı, onu xəstəxanaya gətirdilər, nə az, nə çox düz bir həftə xəstəxananın naftalin qoxuyan dəhlizlərini gəzdi, Qoşa Qar üçün, Qaragöz üçün, Qanıq üçün, bir sözlə, qoyub gəldiyi hər şey üçün burnunun ucu göynədi. Palatasının pəncərəsindən saatlarla uzaqlarda görünən dağlara baxdı, göydə uçan quşların seyrinə daldı, həyətdəki itlərin yem üçün boğuşmalarına tamaşa etdi. Öz uşaq ağlı ilə başa düşdü ki, buralar onluq deyil. Səhərin ala toranlığında heç kimə də demədən xəstəxanadan qaçdı, birbaşa avtovağzala gəlib Qoşa Qara tərəf gedən avtobusda oturdu. Sürücü gözaltı onu süzüb nəsə demək istədi, Hasan cəld əlini cibinə saldi, qalan 10-luğu əzizləyə-əzizləyə çıxarıb yenidən cibinə basdı. Bu da sürücüyə “ağlın başqa uşaqlara getməsin, pulum var” işarəsi idi. İnsafən sürücü də başa düşdü, diqqətini ondan çəkdi.

Avtobus Qoşa Qarın bir neçə kilometrliyindəki Dana Dağı deyilən yerdən keçəndə Hasan maşını saxlatdı, şoferlə hesablaşıb endi. Yenicə yolunu davam etmişdi ki, uzaqdan, lap uzaqdan ona tərəf bir qaraltının gəldiyini gördü. Bir az ehtiyatlandı da. Həmin qaraltı yaxınlaşdıqca Qanığa bənzədi, Qanıq oldu, sürətini daha da artırdı, Hasana çatar-çatmaz ayaqlarını yerdən üzdü və ona tərəf uçdu. Hasan güclə duruş gətirə bildi…

Bəs Qanıq indi niyə belə olub? Niyə əvvəldən bunu hiss etməyib? Elə bu gün bilib ki, danışmağı da bacarır. Qanıq danışır, özü də təmiz, aydın. Azmış kimi hələ bu boyda maşını da özü sürür.  

Qanığın soyuq səsi onu özünə qaytardı:

- Yer kürəsində yaşayan canlıları faciyə gözləyir. Çünki siz öz planetlərinin qayğısına qalmırsınız, gələcək nəsillərinizi düşünmürsünüz. Başınız müharibələrə, mal-dövlət toplamağa qarışib.

Deyilənlər Hasanlıq deyildi. Sözlər, ifadələr başqa idi, bunları olsa-olsa qocanın alaçığın divarından asdığı radiodan eşidə bilərdi, anlamazdı da. Qanığın söylədikləri Hasanın balaca dünyasından çox-çox uzaqlarda idi. Bəlkə də yuxudur, özü də həmin yuxuda başqa bir yuxu. Hasan da yuxuların içindədir. Orada da yuxu görür, özü də gördüklərinin baş personajıdır. Yuxuda hər şey ola bilər, ona görə də ürəkləndi, çəkinmədən söhbətə qoşuldu:

- Əgər sən Qanıqsansa, deməli itsən, uzaqbaşı qurd nəslindənsən. Hardan bilirsən dünya nədi, onun sonu necə bitəcək? Yetər arvad kimi bildiyini də, bilmədiyini də söyləyirsən, üstəlik hələ adam kimi danışırsan.

- Yetər arvadla işin olmasın. O bizim layihəmizdir. Beyninə elə fikirləri salırıq ki, insanları bəzi şeylərdən agah etsin.

- Nənəmdən başqa kimdi ki, ona inanan… 

- Nə qədər ki, adamlar sonun harda qurtaracağını bilmirlər, inanacaqlar. Son da bilinməyəcək axı.

Qanıq sözlərini davam etdirdi:

- Bil və agah ol ki, Siz hamınız Yer kürəsinə eksperiment kimi göndərilibsiniz. Başqa bütün canlılara necə yaşamağın düsturunu vermişik. Sizə isə şüuru bəxş etdik. Dünyanı şüurunuzla idarə etməyə çalışırsınız. Arzuladığınız dünyanı da qurubsunuz. Gələcəyi düşünmürsünüz. Məgər min ildən sonra, milyon, milyard ildən sonra doğulan körpələr sizin törəmələriniz sayılmayacaq?

Hasanın Qanıqla bağlı tərəddüdləri azalmadı, amma danışığı xoşuna gəlmişdi. “Bil və agah ol ki” ifadəsini necə yerində işlətmişdi, necə də aramla tələffüz etmişdi. Deməli Qanıq cox mətləblərdən xəbərdardır. İstəsəydi, elə Qaragözü də canla-başla Qurd Ölən Yerə gətirərdi. Hasan dərinə getmədi, bayaqdan bəri ilk dəfə mülayim görkəm aldı və gözlərini Qanığın şüşə kimi soyuq gözlərinə dikdi:

- Qanıq, məni səndən yaxşı tanıyan var ki… Bayaq dedin ki, Yetər arvadın başına nələrisə yükləyiblər, bəlkə mənim də... – O, sözünü bitirməmiş Qanığın gözlərindən yaşıla çalan qığılcımlar qopdu, titrəyən xəttə cevrilib bir anlığa Hasanın gözləri ilə birləşdi.

Həmin an Hasan dəyişdi, göydəki ulduzlar ona yaxında göründü. Sakini olduğu Yer kürəsindən ta Hublın kəşf etdiyi yeni-yeni ekzoplanetlərədək hər şey onun ovcunun içinə toplandı. 

- İndi məni daha yaxşı başa düşəcəksən, - Qanıq dilləndi. -  Gəlişimin səbəbini bayaq dedim. Təəssüf ki, aranızda bunları anlayanlar çox azdır. Başlar faydasız vərdişlərə qarışıb. Hasan, heç nə həmişəlik deyil. Həyat da sönəcək, məhv olacaq. Yerin özündə baş verə biləcək güclü vulkanların, biosferin zəhərləməsinin fəsadlarının qarşısını almaq, kainatda güclü toqquşmalardan qorunmaq mümkün olacaqdır. Ağlınız ona çatacaq. Amma nə vaxtsa Günəş Yeri də özü ilə birlikdə dağıdacaq.   

Qanıq başqa cür, Hasana tanış olmayan tərzdə danışırdı, Hasan ilk dəfə, bəlkə də çox nadir hallardada eşitdiyi, bəlkə də hələ eşitmədiyi vulkan, biosfer, kainat sözlərinin nə olduğunu təsəvürünə gətirə bilirdi. Sanki bunlar barədə nə vaxtsa oxumuşdu, öyrənmişdi, indi yaddaşını təzələyirdi. Amma o, Günəşin bu boyda Yeri dağıda bilməsinə inanmaq istəmirdi. Elə olarsa, Qoşa Qar nə olacaq? Bəs Qanıq, Qaragöz? Hasan bu fikirləri yaxına buraxmaq istəmədi, etiraz etdi.

- Ola bilməz. Gün bu boyda Yeri dağada bilməz.

- Hasan, mən sənə elə bir ağıl yükləmişəm ki, məni başa düşəsən. Diqqətlə qulaq as. İnsanlar dogulurlar, qocalırlar, ölürlər. Heyvanlar da elə. Ağaclar da böyüyürlər, quruyurlar, torpağa qarışırlar. Daşlar da elə, kəsəklər də elə…  Düzdü?

Hasan tərəddüd edə-edə:

- Bəli, - dedi.

-Yer kurəsi də elədi, Günəş də elədi, qalaktika da elədi.

Hasan ilk dəfə qalaktika sözünü eşitdi və tez də nə olduğunu anladı. Bizim qalaktika deyib üstəlik Qanığı redaktə də etmək istədi.

- Bütün qalaktikalar, ümümiyyətlə kosmos. Məsələdən yayınmayaq. Milyard illərdən çoxdur ki, Günəş ətrafına işıq saçır. Bu işıq bir gün tükəncək axı. Səncə, tükənməz? Tükənəcək, tükənəcək.

Hasan ürkək halda çiyinlərini cəkdi və soruşdu:

- Onda hər yer qaranlıq olacaq?

- O vaxta milyard illər var. Siz başqa faciələrdən də sığortalanmalısınız. Görürsən, Qoşa Qarın quzeyindəki buzlar il-ildən azalır. Niyə? Deməli, istilər çoxalır. Yalnız Qoşa Qarda yox, hər yerdə belədir. Vaxt gələcək istilərdən okeanlar da, dənizlər də, çaylar da qaynayacaq.

- Buz bulaq da?..

- Bəli, bəli. Hələ bu harasıdır. Günəşin özü də…

Qanıq susdu. Düzü, Hasan üçün milyard illə bir ilin elə də fərqi yox idi. Onun aləmində Qoşa Qar vardı, onun yaylaqları vardı, Qurd Ölən Yer də, Qoy Qaya da öz yerində. Bir də Qaragöz idi, Qanıq idi, nənəsi idi, qoca idi. Hasan ürkə-ürkə:

- Hə olacaq ki?

-Partlayacaq, dağılacaq. Elə Yerin özü də. Ancaq insan zəkası bu bəlanı adlada bilər.

Hasan sevincək:

-Qurtara bilər? Necə?

- Milyard illərlə vaxt qalır. Bütün müharibələr dayanmalı, insanlar birləşməlidirlər. Hələ ki başqa planetlərə köçməyə insan zəkası qadir deyil, minimum işlər görülməlidir. Xilas üçün proqram var? Əlbəttə, yoxdur. Təbii sərvətiniz tükənir, amma adamlarınız çoxalır. Onları nə ilə yemləyəcəksiniz?.. Gələcəkdə özünüzə rəqib ola biləcək robotlar hazırlayırsınız. Günlərin birində Sizi özlərinə tabe etməyəcəklər? Əlbəttə, edəcəklər.

Hasanın başı qaynar qazana dönmüşdü. Qanıq söylədikcə o, təsəvvürünə gətirirdi ki, Qoşa Qarın yamyaşıl yamacları necə səhraya çevrilir... Buz bulaqdan qaynar su tökülür. Qanıq da, Qaragöz də su deyib göyə çıxırlar.

- Bəs istiliyi azaltmaq olmaz?

- Onun da yolları var. Bəzi alimlərinizin beyinlərinə müxtəlif təkliflər yükləmişik.  Günəşlə Yerin arasına xüsusi linza-lövhələrin yerləşdirilməsi ideyasını gerçəkləşdirə bilərsiniz. Daha etibarlı üsul Yeri Günəşdən uzaqlaşdırmaqdır. Buna insan zəkası qadirdir. 

Hasan çıxılmaz vəziyyətə düşmüşdü. Qeyri-ixtiyari Qanığa tərəf bir neçə addım atdı, onu tumarlamaq istədi, əlinə soyuq dəmir kimi bərk bədəni dəydi. Qanıq olmadığına heç bir şübhə qalmadı. 

- Bilirdim ki, Qanıq deyilsən.

- Biz hər canlıya çevrilə bilirik, quş da oluruq, həşarat, hətta çöllərdə bitən ot da. Hər dildə, dialektdə, ləhcədə danışırıq. Çünki onları sizə biz bəxş etmişik.

- Bəs niyə indi Qanıq oldun?

- Qurd qoyulan qaydalara ən ciddi əməl edən varlıqdır. Axı Qanıq da Qurddan törəyib.

-  O itdir axı.

- Unutma, qurddan yalnız qurd törəyər. Növbəti yaşayış formalaşanda şüur ona bəxş ediləcək. 

Deyilənlər Hasana qəribə gəldi. Təsəvvür etdi ki, Qoşa Qardakı canavarlar oraların sahibinə çevriliblər. Hasanı işlədirlər, onu göstərib bir-birinə nəsə deyirlər. O isə lal-kardır, demək istədiyini dilinə gətirə bilmir, Qaragözü kimi mələyir, Qanıq kimi hürür. 

-İndisə getməliyəm, - deyə Qanıq Hasanı bir daha süzdü, - başına yarımağıl yükləmişdim. Yalnız başa düşürdün. Onu da geri götürəcəm.

Bu dəfə əksinə oldu, Hasanın gözlərindən yaşıla çalan qığılcımlar qopdu, titrəyən xəttə cevrilib Qanığın gözləri ilə birləşdi.

Səhərə xeyli qalırdı. Günəş öz isti nəfəsini torpağa əvəzsiz bəxş etməmişdən əvvəl göydəki ulduzlar seyrəlmişdi, amma səmanın şərq istiqamətində bir neçə parlaq ulduz görünürdü. Hasan Çoban ulduzunu seyr etməyə imkan tapdı, Marsı, Yupiteri, Merkurini yaxından görə bimədi, onlar birdən-birə xırdalaşdılar, çox-çox uzaqlarda kiçicik nöqtələrə döndülər.

Hasana elə gəldi ki, olduğu yer yarıya qədəri torpaqda qalan, üstünü mamır basmış daş parçasıdır. Həmin daşa dirsəklənib üstündə oturmaq istədi. Gücü çatmadı. Hər yeri ağrıyırdı, sanki onu möhkəm döymüşdülər. Sərin meh Hasanın yuxusuzluqdan təravətini itirmiş, soluxmuş sifətinə dəydikcə küt agrıları azalmağa başladı. Gücünü toplayıb Qanıqdan soruşdu:

- Qaragöz də ola bilərdin eləmi?...

- Nə ehtiyac? Onun ki özü burdadır, - deyərək Qanıq gəldiyi obyektə atıldı, obyekt bir göz qırpımında yoxa çıxdı.

Hasan heç nə anlamadı, necə olmuşdu ki, bir neçə addımlığındakı Qaragözü görməmişdi. Hələ də boynu qanlı idi. Kömək diləyirmiş kimi məlul-məlul Hasana baxırdı. Hasan ona yaxınlaşmaq, tumarlamaq, başını qolları arasında sıxıb nəfəsini hiss etmək istədi. Ha çalışdı daşdan qopanmadı. Cəhd etdi ki, əli ilə Qaragözü salamlasın, yanına çağırsın, nə əli qalxdı, nə də dili söz tutdu... Bəs atası, qoca demişdi, o da burda olmalı idi. Niyə Qanıqdan soruşmadı. Özünü məzəmmət etməklə kifayətlənə bildi. 

***

Vaxt ötdükcə Hasanın uçub gəldiyi işıq yol daralırdı, daraldıqca da qısalırdı. Yol tamam tükənəndə Hasanın ağrıları özünə qayıtdı. O, sinəsində ağır yük hiss etdi. Bu, onu həyata qaytaran həkimin əli idi.

Səslər əvvəlcə uzaqdan gəlməyə başladı, getdikcə palatanı bürüdü. Qanığın səsi isə əksinə zəiflədi, zingilti ilə əvəzləndi. Bayaq səslərin dalınca çəkilib gedən hava da qayıtdı. Hasan ciyərlərini həmin hava ilə doldurdu və sinəsi qalxıb-enməyə başladı. Hasan ölmədi, ölümdən qayıtdı. Tale onu imtahanlarla dolu həyatdan ayırmadı.

İlk dediyi söz “Mən hardayam?” oldu. Həkim də, tibb bacısı bu sayaq suallara adət ediblərmiş kimi dillənmədilər. Hasan ətrafa boylanıb bir şey anlamadı, zəif səslə: “Qaragöz hanı”’, - dedi. 

Bu dəfə də onun sözlərinə fikir verən olmadı. Həkim palatadan çıxdı. 

Tibb bacısının Hasanın ayılmasına sevindiyindən gözləri yaşarmışdı. “Kəramətinə şükür, Uca Tanrım. Bir ananın da gözlərini yaşlı qoymadın”, - söylədi. Fərqi yox idi, bilmirdi, Hasanın anası var, ya yox, adəti üzrə öz duasını belə edirdi. Ardınca bayaqdan Hasanın sifətini yellədiyi tənziflə onun alnında yaranan kiçicik tər dənəciklərini sildi və palatadan çıxdı.

Hasan yalqız qaldı. O özünə qayıdırdı, nələr baş verdiyini təsəvvüründə canlandırmağa cəhd edirdi və Qaragözün satılması fikri ilə heç cür barışa bilmirdi. 

***

Qoca ta çoxdan, elə özünü tanıyandan nə Dəli Düyənin, nə də Qanığın törəmələrindən xoşu gəlmişdi. Ondan olsaydı elə o vaxtlar köklərini kəsərdi, nə yollasa başlarından genidərdi. Hələ lap balacalıqdan babası ona təlqin etmişdi ki, nəsillərinin başına gələn bəlaların səbəbi məhz Dəli Düyə ilə Qanıq olub, onların törəmələri olub. Tanrı canavarı canavar, iti də it yaradıb. İnsan övladı nə karədir ki, Tanrının işinə qarışsın, canavarın törəməsini özünə it etsin. 

Dəli Düyənin törəmələrinə gəldikdə isə, qoca hələ balaca olanda, 13 nəfər qohumu hələ o üzə keçməyəndə bir söhbət eşitmişdi, o idi onu narahat edən. Dəli Düyə dəlilik edib ipə-sapa yatmayanda, yenicə döğulmuş balasını yaxın buraxmayanda Yetər arvadın babası deyibmiş ki, inək cinnənib, onu tələf etmək lazımdır. Məsləhət bilib ki, Dəli Düyəni öldürsünlər, cəmdəyini də dərində basdırsınlar ki, heç sür-sümüyü də itlərin dişinə dəyməsin. Yoxsa onlar da cinnənərlər. Bu fikirlə qocanın babası da, atası da razılaşıbmışlar. Əmisi uşaqları isə deyilənə fikir verməyiblər, nə Dəli Düyədən, nə də onun törəmələrindən əl çəkiblər. O vaxtdan Alıöyü nəslinin arasında fikir ayrılığı başlayıb, illər ötdükcə daha da dərinləşib…

Krediti ödəmək vaxtı çatanda, üşaqlar Urusetdən pul göndərə bilməyəndə qocanın əlinə fürsət düşmüşdü. Hasan onunla hansı heyvanın satılmasını məsləhətləşəndə hər dəfə barmağı ilə Qaragözü göstərirdi. Qoca ümidli idi ki, Qaragöz bu yolla aradan çıxacaq, bir iki ilə də onun anası qocalar, döl verməz. Qanığa da nəsə etməli idi. O da qocanın özü kimi qocalırdı. Son illər küçük də vermirdi. Belə getsə, verməyəcəkdi də. Bununla da nəinki qocanın, eləcə də atasının, babasının xəyal kimi göründüyü istəkləri yerini alacaqdı. Dəli Düyənin də, Qanığın da nəsli yavaş-yavaş kəsiləcəkdi. Bununla da Alıöyünün cinlərlə, canavarlarla, əlaqələri qırılacaqdı. Amma nəslin o biri tərəfi bununla barışacaqdımı?

*  *  *

Hasan özünə tam qayıtmışdı, nələr baş verdiyini saf-çürük etməyə çalışırdı. Qocanın hərəkətindən qeyzlənmişdi. Qaragözün satılması llə ölsə də barışmayacaqdı. Xəstəxanadan bir təhər çıxıb şəhərə yollanacaqdı, həmin yekəpər kişini tapacaqdı, Qaragözü qaytaracaqdı.

Hasan səhərin açılmasını səbrsizliklə gözləyirdi. Gecə arxada qalmışdı. Səhər ona böyük ümidlər verirdi.

Əflatun AMAŞOV
Azərbaycan Mətbuat Şurasının sədri

GAXA.ge