Rusiya bütün ölkələrlə uçuşların müvəqqəti dayandırılması niyyətindədir

İngiltərə və digər ölkələrdə COVID-19 mutasiyası aşkar edildikdən sonra Rusiya artıq London ilə hava trafikini məhdudlaşdırıb. GAXA-nın məlumatına görə, Rusiyada Dövlət Dumasının millət vəkili İvan Suxarev, hökumət başçısı Mixail Mişustinə yeni "İngilis" koronavirus növünün aşkarlanması səbəbiylə digər dövlətlərlə hava hərəkətinə müvəqqəti qadağa tətbiq edilməsini təklif edib.

Millət vəkili mutasiyanın İngiltərədə və digər ölkələrdə aşkarlandıqdan sonra Rusiyanın London ilə hava trafikini məhdudlaşdırdığına diqqət çəkib. 

Müraciətdə deyilir: "Yeni virusun Rusiya Federasiyası ərazisində yayılmasının qarşısını almaq üçün, koronavirus infeksiyasına qarşı mübarizədə mövcud müsbət dinamikanı qorumaq üçün bütün xarici ölkələrlə hava trafikinin müvəqqəti dayandırılması ehtimalını nəzərdən keçirməyinizi xahiş edirəm".

Xatırladaq ki, Böyük Britaniyada koronavirusun yeni bir mutasiyasının kəşfi keçən həftə məlum olub. İngiltərənin Yeni və İnkişaf etməkdə olan Tənəffüs Virusu Təhdidləri Məşvərət Şurası COVID-19-un bu variantının daha sürətlə yayıldığını və ictimaiyyətdən daha çox ehtiyat tələb etdiyini təsdiqləyib. İlkin hesablamalara görə, bu, adi haldan 70 % daha çox yoluxucu ola bilər, lakin ölüm və ya xəstəxanaya yerləşdirmə baxımından daha təhlükəli olduğunu düşündürən hələ bir şey yoxdur.

GAXA.ge