Konstantin Kosaçev: “Fransa Senatının Qarabağla bağlı qərarı tövsiyə xarakteri daşıyır”

Fransa Senatının qondarma Dağlıq Qarabağ respublikasının tanınması ilə bağlı qərarının bir tövsiyə olaraq qalacağına şübhə yoxdur. GAXA publika.az-a istinadən xəbər verir ki, bu sözləri RİA Novosti-yə verdiyi müsahibədə Federasiya Şurasının Beynəlxalq münasibətlər komitəsinin rəhbəri Konstantin Kosaçev deyib.

“Fransa Senatının Qarabağla bağlı qərarı tövsiyə xarakteri daşıyır və çox güman ki, məsələ bununla məhdudlaşacaq”, – deyə şura rəhbəri bildirib.

Rusiyalı millət vəkili qeyd edib ki, Qarabağla bağlı qətnamə bir çox cəhətdən Türkiyə ilə münasibətlərin mürəkkəb olması ilə əlaqədardır. Kosaçev Fransa cəmiyyətindəki ənənəvi ermənipərəst rəğbətin hazırda beynəlxalq siyasətdə Türkiyənin davranışları ilə Fransa siyasətçilərində yığılan qıcıqlanmanın üst-üstə düşdüyünü düşünür.

“Hökumətə tövsiyə olaraq qəbul edilən bu təşəbbüsün praktik olaraq heç bir qüvvəsi yoxdur”, – deyə millət vəkili deyib.

Qeyd edək ki, oktyabr ayının sonunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin vətəndaşlarını iki ölkə arasındakı münasibətlərin kəskinləşməsi fonunda Fransa mallarını boykot etməyə çağırdı. Bir neçə gün əvvəl “Maariflənmiş İslam” fikrini irəli sürən fransız həmkarı Emmanuel Makronun “psixikasını yaxşılaşdırması”nın lazım olduğunu söyləyəndən sonra isə rəsmi Paris səfirini məsləhətləşmələr üçün Ankaradan geri çağırdı.

GAXA.ge