Ata, qayıt... "Günəşli" yatağında həlak olanların əziz xatirəsinə

Sənsiz hər anım bir ilə dönüb. Yaman darıxıram, ata! Sənsizlik ürəyimi bürüyüb. Qapımı açan yoxdur. Evdəki paltarların baxıb səni düşünürəm və hərdən ürəyim sənin üçün darıxanda paltarlarını qoxulayıram. Bir az rahatlıq tapır ürəyim. Bu hisslərimi anamdan gizlədirəm. Sənin yoxluğundan sonra o, sanki bu düyanın adamı deyil. Elə hey düşüncələrə qapılıb. Sənsiz və sənli günləri yaşayır özüyçün...

Yaman darıxmışam, ata! Qayıt evimizə! Ocağımızın odu, alovu öləziyib. Hamımız nəsə qiymətli bir şey itirmişik. Bu, sənsən, ata! Ataların ən yaxşısı, mehribanı, gülərüzü, zəhmətkeşi, neft qəhrəmanı!..

... O gecə biz yatmadıq. Eşidəndə ki, "Günəşli" yatağında yanğın olub, dəhşətə gəldik. Hanı - oğul, qız, nəvə sizi düşündük, ata! Yanağımdan axan göz yaşları dizlərimi islatmışdı. Əllərimi başıma dirəyərək soyuq, yağışlı və küləkli Bakı gecələrində səni düşünürdüm. Düşüncələrim məni get-gedə sarsıdırdı. Sənin səkkiz metrədək yüksələn dalğaların qoynunda nə etdiyini, nə düşündüyünü fikirləşirdim. Allah, bizi niyə ayırdın atamızdan?! Balaca nəvən Cəsur baba deyib səni çağırır. Dörd yaşında olan uşağa cavab verməkdə çətinlik çəkirdik. Ailəmizin üzvləri onun səni haraylamasını eşidəndə sanki üstümüzə qaynar su tökülür. Bu vəziyyətə düşməyimizi heç arzulamırdıq.

Əlim işdən yaman soyuyub. Düşüncələrimin dalınca qaça bilmirəm. Sanki hər şeyi unudub sənin taleyini düşünürəm, ata! Sənin bədbəxt taleyin ən çox məni yandırır, ata! Məni küçədə görənlər mənalı-mənalı üzümə baxıb nəsə söz demək istəyirlər. Amma heç kim nəsə demək istəmir, bəlkə cəsarətləri çatmır. Amma mən onları duyuram. Sonra sənin mazutlu əllərin gəlir gözümün qarşısına. O əlləri qoynuma alıb qoxulamaq, sonra isə üzümdə xəritə çəkmək istəyirəm mazutla. İndi neft qoxulu əllərinə həsrət qalmışam, ata! Evimizin suyu, duzu, nefti qurtarıb, ata! Yaxşı xatırlayıram. Evə gec gələndə və tez gedəndə çox məyus olurdum. Fikrimdə, zikrimdə dolaşan sən idin, ata! Ürəyim əvvəlcədən duymuşdu nəsə olacağını. İndi hamı kimi balaca Cəsur da darıxıb səninçün. Qonşuların, qohumların hələ gözü yoldadır. Hamı elə bilir ki, yenə dənizə getmisən. Evə gələndə isə həmişəki kimi əlini dumduru bulaq suyunda tərtəmiz yuduqdan sonra hamı ilə görüşəcəksən. Hamı hər gün bunu gözləyir. Gözlərimiz yollara zillənib, ata!

... Daha dənizi atam sayacam! Qoy, heç kim məni qınamasın! Ürəyimdən keçənləri dənizə söyləyəcəm. Daha dəniz çalacaq mənim laylamı! İndi atama layla çaldığı kimi! Bu dəniz özünün saf sularıyla laylasını nəğmə dili ilə deyəcək. Başımı sığallayacaq Xəzər mənim. İndi mən Xəzərimi daha çox sevəcəm, atama qoynunda verdiyi yerə görə!..

Mənə anam layla çalıb, amma ata laylası da var, axı! Bu layla mənə mətinliyi, igidliyi, qəhrəmanlığı və dönməzliyi öyrədib...Həmişə inanmışam ki, mənim atam qəhrəmandır. Övladın gözündə ata həmişə qəhrəman olub. Elə indi də atam dəniz qəhrəmanıdır. O, indi dalğalar qoynunda dənizə bəstələdiyi nəğmələrini oxuyur. Ayna sular, şahə qalxan dalğalar onu daha da saflaşdırır, vətənə layiq oğul olduğunu bildirir...

... İndi səni dənizdə axtarırlar, ata! Amma bilmirlər ki, sən mənim ürəyimdəsən! Qağayılar da qıy çəkə-çəkə dəniz üzərində dövrə vururlar. Dalğıclar da sizin yerinizi bilmirlər. Bu sirli dünyanın sirlərindən baş açmaq olmur. Nə üçün dalğalar şahə qalxır, nə üçün sular aşıb-coşur. Hər sirrin öz müəmmalı cavabı var. Dünya bərqərar olandan insanlar ölürlər. Kimi quruda, kimi suda! Son nəticə isə ölümdür. Bütün bu müəmmalı sirləri yalnız Allah bilir. Odur bizi yaradan, odur bizi bu dünyadan aparan!

... Qəlbimə bir ağırlıq çöküb. Çinimə sanki tonlarla yük qoyulub. Bu yükün ağırlığı hər gün artır. Cəsurun baba harayı məni zirvələrə qaldırıb yerə vurur! Sonsuz üfüqlər boyu bir nöqtə görürəm. Bu, sənsən, ata! Daha gözəgörünməz olubsan! Sənin üzdüyün dərin suların hamısı qəlbimdədir. Əvvəllər olduğu kimi, indi də qəlbimin dərinliklərində bir atalı dünyam var! Atalı günlərim, indi hardasınız? Qəlbim səni haraylayır. Gözüm də, könlüm də həmişə səni axtarır...

... Səhər açılır. Hamı işə tələsir, mən isə dənizə! Səhər-səhər səni salamlamaq istəyiəm. İstəyirəm ki, üfüqlər qızaranda sənin o gülərüzünü görüm, ata! Fikrimcə, atalardır dünyanın bünövrəsini qoyan, bizləri ağ günə çıxardan. Onlardır günümüzün qəhrəmanları və Azərbaycanımızın şöhrətini yüksəkliyə qaldıranlar...

... Qayıt, evimizə, ata! Sənin üçün yaman darıxmışam. Sənə söz verirəm, həmişə Xəzərimi sevəcəyəm, həmişə onun şahanə dalğalarını sığallayacağam.

Qayıdın, ata! Azərbaycan yolunuzu gözləyir. Hardasa oxumuşam: "Sevdiyim Azərbaycanım mənim qibləgahımdır!

Sən də mənim qibləgahımsan, ata! Tez gəl!

Nizami Məmmədzadə, AYB-nin üzvü, Əməkdar jurnalist