Parlamentin sabiq deputatı Zümrüd Qurbanov dünən 57 yaşında qəflətən vəfat edib

Zümrüd Qurbanov 1963-cü ildə Marneuli rayonunun Qızılhacılı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji institutun filologiya fakültəsini bitirib.

Zümrüd Qurbanlı bir müddət  doğma elində müxtəlif vəzifələrdə çalışıb, ictimaiyyət arasında xüsusi hörmətə layiq olub. 2000-2004-cü illərdə Gürcüstan parlamentinin üzvü olub. Nəsr əsərləri və elmi-ədəbi yazıları ilə dövrü mətbuatda müntəzəm olaraq dərc olunub. O, hekayə və povestlərini əsasən, “Zümrüd Orxan” imzası ilə çap etdirib. Zümrüd Orxan bölgədə fəaliyyət göstərən ilk və ən güclü xalq hərəkatı təşkilatlarından biri olan “Qeyrət”in yaradıcılarından biridir. O, həm də “Qeyrət” qəzetinin baş redaktoru olub. Z. Orxan bir neçə toplunun tərtibçisi və redaktoru kimi fəaliyyət göstərib.

Zümrüd Qurbanov qeyrətli insan idi. O, düzü-düz, ərini-əyri deməyi çox sevirdi. Həmişə haqsızlığa qarşı mübarizə aparırdı. Onun bəzən çılğın təbiətini dost-tanış çox sevərdi. Təbiətən zarafatcıl insan idi. Nəşr etdirdiyi “Qeyrət” qəzetində və sosial şəbəkələrdə cəmiyyətin mənfi elementlərini tənqid edən felyetonları ilə kəskin çıxışlar edərdi. Haqqı, ədaləti tələb edən istedadlı, iti qələm sahibi idi. Çox sevdiyi Borçalının problemləri onu daim narahat edərdi. Bəzən onu dəstəkləməyən qələm sahiblərinə də öz narazılığını bildirirdi. Sözü üzə deyən insan olub. Vətənini, Borçalını, Azərbycanı ürəkdən sevən insan idi. Azərbaycan həqiqətlərini müdafiə edən insan idi. Dünyanın bu qeylü-qal vaxtında yaşadığı bölgənin problemlərini qaldırmağı, cəsarətlə onların həllinə çalışmağı və həllini tələb etməyi bacarırdı.

Ailəsini, iki əkiz qızını çox sevirdi. Daim onların qayğısına qalırdı. Dostlarının əhatəsində yumorla danışmağı çox sevirdi. Povest və hekayələrinin qəhrəmanları real həyatdan idi. İndi də dostları onun nəsr qəhrəmanlarının danışıqlarını, onların həyat tərzini, cəmiyyət içində olan məcazi mənada rollarını çox sevirlər.

İnana bilmirik onun ölümünə, 57 yaş nədirki? Bu vəfasız dünyadan qələminin zəngin məna dolu “möcüzə”sindən ayrı düşən Zümrüd Qurbanov illər gecəcək, o, yenə də qəlbimizdə sağ kimi yaşayacaq, onu qeyrətli dost kimi xatırlayacağıq.

Onun çılğın ürəyi özünə vəfalı olmasa da vəfalı dostları, qohum-əqrəba, yaxın-uzaq insanlar hər zaman onun xatirəsini əziz tutacaqlar.

Allah rəhmət eləsin. Ruhu şad olsun. Məkanı cənnət olsun.

GAXA.ge