Azərbaycan əsgərinin jurnalist Nizami Məmmədzadəyə məktubu

Bu günlərdə səngərdən-əslən Gürcüstandan olan Azərbaycan əsgərindən bir məktub almışam. İnanın ki, sevincim yerə-göyə sığmır. Düşünürəm ki, indiyədək jurnalist kimi fəaliyyətimdə bu məktub mənə şərəf-şan gətirib. Əsgər feysbukda paylaşdığım “Əsgərə məktub” yazımı oxuyandan sonra qərara alıb ki, mənə məktub yazsın. Məktubun məsuliyyətini dərk edən Azərbaycan əsgəri gecə-gündüz bu barədə fikirləşdiyini və mənə hansı məzmunda məktub yazacağını düşünüb. O, yazır ki, hətta bu barədə səngərdə keşik çəkərkən düşünüb.

Məktubu olduğu kimi oxucularımızın nəzərinə çatdırıram:

 “Baxışlarımı tapdaq altında olan Vətən torpaqlarına dikib məktub haqqında düşünürdüm. Mən hər gecə səngərdə sərhədlərimizin keşiyini çəkərkən həm anam, həm də vətənim barədə düşünərkən siz birdən “Əsgərə məktub” adlı yazınızla çıxış etdiniz. Bu yazı mənə qol-qanad verdi. Sanki mənim düşündüklərimi qələmə almışdınız. Çox sevindim. Ürəyim dağ boyda oldu. Sevindim ki, biz əsgərləri də arxada düşünən varmış. Mən sizə söz verirəm ki, vətənə, anama sədaqətlə qulluq edəcəyəm. Bir də onu bildirim ki, məni gözləyən bir qız da var. Mən onu sevirəm. Bu sevgi mənə qüvvə və cəsarət verir. Həmişə ona yazıram ki, mən şərəflə qayıdacam. Ən böyük arzum vətən torpaqlarını şərəflə qorumaqdır, onu mənfur düşmənlərdən son addımınadək azad etməkdir! Həmişə düşünürəm ki, məni gözləyənlərim var! Bir VƏTƏN, bir ANAM, bir də SEVGİLİM! Mən fəxr edirəm ki, onları qoruyuram! Mən fəxr edirəm ki, Azərbaycan əsgəriyəm! Mən bütün əsgər dostlarımın adından yazmışam bu məktubu. Adımı çəkmək lazım deyil! Biz birlikdə azad edirik işğal altında olan vətən torpaqlarını! Vaxt olacaq (O gün uzaqda deyil. Lap az qalıb.) biz şəhidlərimizin qisasını düşməndən alaraq qələbə qazanacaq və Azərbaycan bayrağını dağlarımızın ən uca zirvəsinə taxacaq və dalğalandıracağıq. Bunun üçün bizim qüvvəmiz və şücaətimiz də var. Buna inanın!”

... Mən əsgərimizin məktubunu oxuyub çox sevindim. Məktubu qısa şəkildə oxucularımıza çatdırmağa qərar verdim. Buyurun, oxuyun! Əsgərlərimizi bir daha sevindirək, onları ruhlandıraq! Bu, hər bir vətən övladının borcudur. Sozlərinizi və əsgər oğullarımıza xeyir-duanızı əsirgəməyin. Bu, indiki şəraitdə bizim əsgərlər üçün hava-su kimi vacibdir!

Bir də arzu edərdim ki, mətbuatda belə məzmunda yazılar çox getsin. İndi jurnalistlərimizin ən ali vəzifəsi gənclərimizin vətənpərvərliyini gücləndirmək, vətən sevgisini daha da möhkəmləndirməkdir! Biz işğal altında olan torpaqlarımızın alınması üçün əsgərlərimizin cəsarətinin güclənməsi naminə, VƏTƏN, ANA, TORPAQ naminə onlara ünvanladığımız xoş sözlərimizi əsirgəməməliyik! Bu, vacibdir!

P.S. Əslən Gürcüstandan olan əsgər gəncimiz təhlükəsizlik qaydalarına görə, nə adını yazıb, nə də fotosunu göndərib. Mən də əsgər oğlumuza can sağlığı, döyüşlərdə rəşadət və QƏLƏBƏ arzulayıram.

Nizami Məmmədzadə, Azərbaycanın Əməkdar Jurnalisti