Marneulidən keçən Debeda çayına Ermənistan tərəfdəki mis mədənlərindən müxtəlif kimyəvi maddələr tökülür

Dünəndən başlayaraq mənbəyini Ermənistandan alan Debeda çayının suları süd rənginə çalır. GAXA-nın məlumatına görə, Debeda (yerli sakinlərin dilində gah Tona Çayı, Böyük Çay,) çayı Ermənistan-Gürcüstan sərhəddinədək 70 kilometr uzunluğundadır. Debeda Marneulinin Böyük Muğanlı kəndinədək uzunluğu 22 km sahəni əhatə edir. Çay azərbaycanlıların yaşadığı kəndlərdən keçərək Böyük Muğanlı kəndində gah Xram, gah Ehram, gah da Anaxatır adlanan çayla birləşərək Azərbaycan Respublikasında Kür çayı ilə birləşir və Xəzər dənizinə tökülür.

Qeyd edək ki, Ermənistan - Gürcüstan dövlət sərhəddinin təxminən 12 km-i Debeda çayından keçir.

Xatırladaq ki, əvvəllərdə çay sülarının süd rəngində gəlməsi müşahidə edilib. Hazırda ətraf kəndlərdə - Sadaxlı, Mameyi (Kirovka), Dəmyə-Görarxı, Axlılələ, Yuxarı Saral, Aşağı Saral, Seydiqocalı, Araflı, Axlı-Mahmudlu, Qayaqocalı və digər kəndlərdə yaşayan azərbaycanlılar həyətyanı sahə torpaqlarını bu çayın suyu ilə suvarırlar.

Kənd sakinləri ilə söhbət zamanı onlar bildirdilər ki, Ermənistanın Alaverdi şəhərindən keçən çayın sularına burada fəaliyyət göstərən mis mədənlərindən əldə edilən müxtəlif kimyəvi maddələr tökülür və bu da çayın ətrafı boyu azərbaycanlılara məxsus əkin sahələrində becərilən kənd təsərrüfatı məhsullarına, bitkilərin uzunömürlü olmasına ciddi ziyan vurur və insan sağlamlığına zərərlidir.

Hadisə ilə bağlı azərbaycanlılar kənd təsərrüfatı nazirliyinə və əlaqədar təşkilatlara müraciət edəcəklərini bildiriblər.

GAXA.ge