Marneuli gəncləri Soçidə keçirilən festivala qatılıblar

Oktyabrın 15-də Soçidə XIX Dünya Gənclər və Tələbələr Festivalının (VFMS) açılışı olub. GAXA.ge saytının məlumatına görə, tədbirin açılışında Rusiya prezidenti Vladimir Putin çıxış edib. Soçidə keçirilən XIX Dünya Gənclər və Tələbələr Festivalında (VFMS) 87 nəfərdən ibarət Gürcüstan nümayəndə heyəti iştirak edir. Məlumata görə, azərbaycanlıların kompakt yaşadığı Marneulidən də həmin tədbirə azərbaycanlı, gürcü, rus və erməni gəncləri də qatılıb. Festival çərçivəsində müxtəlif ölkələrdən gələn nümayəndə heyətləri artıq Olimpiya kəndində məskunlaşıblar. Festival iştirakçıları “Sülh, həmrəylik və sosial ədalət!”, “Biz imperializmə qarşı mübarizə edirik!”, “Keçmişə hörmət edək!”, “Biz gələcəyimizi qururuq! şüarları ilə çıxış edəcəklər. Festivalı təşkil etməkdə əsas məqsəd gəncləri, dünya ictimaiyyətini birləşdirmək, beynəlxalq əlaqələri gücləndirmək, millətlərarası və mədəniyyətlərarası qarşılıqlı əlaqələri inkişaf etdirməkdir. Qeyd edək ki, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Serbiya, Nepal, Sloveniya, Kanada və digər nümayəndə heyətləri artıq Soçiyə gəliblər. Tədbirə həmçinin Braziliya, Dominikan Respublikası, Qvatemaladan dəvət olunmamış musiqi qrupları da gəlib. XIX Dünya Gənclər və Tələbələr Festivalında 180 ökədən 20 minədək gənc iştirak edir. Soçidə təşkil edilən Dünya Gənclər və Tələbələr Festivalı oktyabrın 22-dək davam edəcək. Həmin gün festivalın finalı olacaq.