10 sentyabrdan etibarən Gürcüstanda toy, anım və digər kütləvi tədbirlər qadağan ediləcək

Gürcüstanda epidemioloji vəziyyətin pisləşməsi ilə əlaqədar olaraq, hakimiyyət bir sıra məhdudiyyətlər tətbiq etmək qərarına gəlib. GAXA-nın məlumatına görə, bu barədə Qurumlararası Koordinasiya Şurasının iclasından sonra Gürcüstan hökumət administrasiyasının rəhbəri Natia Mezvrişvili bildirib.

"Bir neçə gün əvvəl məhdudiyyətlərin götürüldüyünü və sentyabrın 15-dən başlayaraq qismən oktyabrın 1-dən açılması lazım olan teatr və kinoteatrların, uşaq əyləncə mərkəzlərinin açılacağını bildirdik, lakin epidemioloji vəziyyəti nəzərə alaraq bu obyektlərin açılışını bir ay, 1 noyabr tarixinə qədər təxirə salmaq qərarı verildi",- deyə Mezvrişvili bildirib.

Bundan əlavə, 10 sentyabrdan etibarən ölkədə yubileylər, toylar, şənliklər və digər ritual tədbirlər qadağan olunacaq. Həm ictimai, həm də açıq havada kütləvi tədbirlər qadağandır.

"Sabahdan etibarən bu ictimai tədbirlər qadağan ediləcək, əvvəlki məhdudiyyətlərə qayıdacağıq - toy, anım və ildönümlərinə qoyulan qadağanı nəzərdə tuturuq. Bu məhdudiyyət onsuz da qapalı yerlərdə qüvvədədir, amma sabahdan etibarən açıq məkanlara qədər uzadılacaq", - deyə Mezvrishvili qeyd edib.

Sabahdan etibarən 200-dən çox insanın iştirak etdiyi mədəni və idman tədbirləri də qadağan olunacaq.

Mezvrişviliyə görə, bu qaydalara riayət edilməməsinə görə müvafiq sanksiyalar nəzərdə tutulur və cəmiyyət yüksək vətəndaş məsuliyyəti göstərməlidir.

Məktəblərdə şənlik tədbirlərinin keçirilməsi də tövsiyə edilmir və vətəndaşlar sosial məsafəni saxlamalı və qoruyucu maskalar taxmalıdırlar.

GAXA.ge