Gürcüstan prezidenti BMT-də Gürcüstanın qətnaməsini dəstəkləyən ölkələrə təşəkkür edib

Gürcüstan prezidenti Salome Zurabişvili BMT-nin işğal olunmuş ərazilərdə məcburi köçkünlərin statusu barədə qəbul edilən qətnamə sənədinə fikir bildirib. GAXA-nın məlumatına görə, prezident sənədi dəstəkləyən ölkələrə təşəkkür edib.

“İşğal olunmuş ərazilərdən məcburi köçkünlərlə bağlı qətnaməni dəstəklədiklərinə görə 84 ölkəyə təşəkkür edirəm. Bu, qlobal böhrana baxmayaraq Gürcüstanın beynəlxalq gündəmdə olduğunu göstərir. Beynəlxalq ictimaiyyət məcburi köçkünlərin hüquqlarının və vətənlərinə qayıtmaq hüquqlarının bərpasını dəstəkləyir. Bu, misilsiz bir dəstəkdir”,- deyə Zurabişvili bildirib.

Qeyd edək ki, BMT Baş Məclisi 74-cü sessiyada Gürcüstan və 54 ölkənin təşəbbüsü ilə Abxaziya və Tsxinvali bölgəsindən (Cənubi Osetiyadan) məcburi köçkünlərin və qaçqınların statusu barədə qərar qəbul edib. Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, bu il sənədin həmmüəlliflərinin sayı ilə yanaşı, onu dəstəkləyən ölkələrin də sayı artaraq 84 ölkə olub.

Məlumata görə, Azərbaycan Gürcüstanın təqdim etdiyi qətnaməni dəstəkləyən ölkələrdən biri olub. Ermənistan isə səsvermədə iştirak etməyib.

GAXA.ge