Azərbaycan Prezidenti: “Bizim diplomatik fəaliyyətimiz daha səmərəli ola bilərdi”

“Bizim diplomatik fəaliyyətimiz daha səmərəli ola bilərdi. Mən dəfələrlə demişəm ki, bizim diplomatiyamız hücum diplomatiyası olmalıdır, passiv, özünü müdafiə edən diplomatiya olmamalıdır”. GAXA-nın KONKRET.az saytına istinadən məlumatına görə, bunu Aərbaycan Prezidenti İlham Əliyev bu gün keçirdiyi görüşdə deyib.

 “Kiminsə xoşuna gəlmək naminə öz sözünü deməkdən çəkinən diplomatiya olmamalıdır. Mən bunu dəfələrlə demişəm, həm müxtəlif tədbirlərdə, həm Xarici İşlər Nazirliyində, Azərbaycanın xarici ölkələrdəki səfirləri ilə görüşlərdə yol göstərmişəm ki, nə etməlisiniz. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansı addımları atmalısınız. Xarici ölkələrdə fəaliyyət göstərən mətbuatla necə işləməlisiniz. Azərbaycanın iqtisadi maraqlarını necə müdafiə etməlisiniz, Azərbaycan vətəndaşlarının hüquqlarını necə qorumalısınız. Diaspor təşkilatları ilə əlaqədar səmərəli işləri necə aparmalısınız. Beynəlxalq təşkilatlarda Azərbaycana bəzi hallarda ünvanlanan əsassız ittihamlara necə cavab verməlisiniz. Düşməni necə susdurmalısınız. Demişəm, hər bir məsələ ilə bağlı yol göstərmişəm. Amma biz bu göstərişlərin həyatda öz əksini tapmasını görürükmü? Bir çox hallarda görmürük. Əfsuslar olsun ki, son vaxtlar bizim diplomatiyamız ölkəmizin uğurlu inkişafı ilə uzlaşmır, bəzi hallarda mənasız işlərlə, mənasız danışıqlarla məşğuldur”,-deyə Prezident İlham Əliyev bildirib.

GAXA.ge