Ermənistan silahlı qüvvələrinin Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücum etməsi təcavüzdür və növbəti təxribatdır
İyulun 12-də Ermənistan
silahlı qüvvələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində
mövqeləri ələ keçirmək məqsədilə müxtəlif çaplı silahlardan, minomyot və digər
artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd ediblər.
Düşmən qüvvələrin
hücumunun qarşısı cavab tədbirləri ilə alınıb. Döyüş nəticəsində Azərbaycan
Ordusunun 2 hərbi qulluqçusu şəhid olub, 5 nəfər isə yaralanıb.
Ermənistan silahlı
qüvvələrinin bu təxribatçı əməli təcavüzkar Ermənistan rəhbərliyinin son
zamanlar bölgədə gərginliyin artmasına xidmət edən fəaliyyət və bəyanatlarının
davamı kimi nəzərdən keçirilməlidir.
Qeyd etmək
lazımdır ki, iyulun 10-da Ermənistan prezidenti Armen Sarkisyan Azərbaycanın
işğal altındakı Dağlıq Qarabağ torpaqlarına səfər edib.
Xocalı
aeroportundan birbaşa Xankəndinə gələn Sarkisyan burada qondarma rejimin rəhbəri
Araik Arutunyanla danışıqlar aparıb.
Armen Sarkisyanın
Qarabağa səfəri barədə ictimaiyyətə öncədən heç bir məlumat verilməyib.
Bu gün törədilən təcavüz
bir daha sübut edir ki, düşmən bu təxribata öncədən hazırlaşıb və Sarkisyanın səfəri
Ermənistanın hazırladığı növbəti təcavüzkar siyasətin tərkib hissəsidir.
Bu bir daha sübut
edir ki, təcavüzkar siyasətini ölkənin təhlükəsizlik strategiyasında əks etdirən
Ermənistan münaqişənin nəticələrini aradan qaldırmaq, işğalçı qüvvələrini Azərbaycanın
beynəlxalq səviyyədə tanınmış ərazilərindən çıxarmaq əvəzinə, yeni mövqelər ələ
keçirmək, gərginliyi artırmaq məqsədinə xidmət etdiyini açıq şəkildə nümayiş
etdirir.
Ermənistanın bu təxribatı
beynəlxaq hüquqa və beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan
Dağlıq-Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin
vasitəçiliyi ilə aparılan danışıqların mahiyyətini də ciddi şübhə altına alır.
Əslində Ermənistan
bu kimi hərbi avantüra yolu ilə üzv olduğu hərbi–siyasi təşkilatları Ermənistan-Azərbaycan
münaqişəsinə cəlb etməyə, Azərbaycana qarşı törətdiyi işğal və təcavüzün məsuliyyətindən
boyun qaçırmağa çalışır. Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın müddətdə
davam edən təcavüzü və sərhəddə törətdiyi təxribatlar, həm də Ermənistanın üzv
olduğu hərbi-siyasi təşkilatın hüquqi sənədlərinə ziddir.
Ermənistan tərəfindən
sərhəddə törədilmiş təxribat rəsmi Yerevanın Ermənistan-Azərbaycan münaqişəsinin
danışıqlar yolu ilə həllində maraqlı olmamasının növbəti sübutudur.
Amma məsələ
bununla da bitmir. Ermənistan rəhbərliyi eyni zamanda, bu yolla özünün yarıtmaz
siyasəti nəticəsində COVID-19-un Ermənistanda geniş yayılması ilə daha da kəskinləşən
sosial-iqtisadi problemlər fonunda vəziyyəti gərginləşdirmək və ölkədaxili
problemlərdən diqqəti yayındırmağa çalışır.
Dünya birliyinin
COVID-19-a qarşı mübarizə apardığı halda Ermənistan tərəfindən bu hücum və təxribatın
törədilməsi bir daha sübut edir ki, Ermənistanın BMT Baş katibinin pandemiya ilə
əlaqədar qlobal atəşkəs təşəbbüsünü dəstəkləməsi riyakarlıqdan başqa bir şey
deyil.
Ona görə də, beynəlxalq
ictimaiyyət Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini və sərhəddə
törətdiyi təxribat əməllərini kəskin şəkildə qınamalıdır.
Xətayi Əzizov,
AZƏRTAC-ın xüsusi
müxbiri