Gürcüstanda Azərbaycan Silahlı Qüvvələr Günü qeyd olunub

Bu gün Tiflisdəki Meydan məhəlləsində ucaldılan ulu öndər Heydər Əliyevin büstü önündə Azərbaycan Silahlı Qüvvələr Günü qeyd olunub. GAXA-nın məlumatına görə, tədbir çərçivəsində Azərbaycan səfirliyinin rəsmi şəxsləri, o cümlədən səfir Dursun Həsənov, hərbi attaşe polkovnik-leytenant Fuad İbrahimov, hərbi attaşe aparatı əməkdaşları Heydər Əliyevin büstü önünə gül-çiçək dəstələri qoyaraq, ulu öndərin xatirəsini ehtiramla yad ediblər.

Məlumata görə, 26 iyun- Azərbaycan Silahlı Qüvvələr Günü münasibətilə təşkil olunan tədbirə əslən Gürcüstanın Bolnisi və Marneuli rayonlarından olan şəhid ailələrinin üzvləri və qohum-əqrəbaları qatılıblar.

Tədbirdə iştirak edən D. Həsənov və  hərbi attaşe polkovnik-leytenant Fuad İbrahimov bu gün qeyd olunan Azərbaycan Silahlı Qüvvələr Gününün 102-ci ildönümü ilə əlaqədar şəhid ailələrini təbrik edib və Vətən torpaqları uğrunda həlak olan şəhidlərə rəhmət diləyiblər.

Hərbi attaşe polkovnik-leytenant Fuad İbrahimov GAXA-ya açıqlamasında şəhid ailələrinin üzvləri ilə yaxından söhbət etdiyini və onların problemləri ilə maraqlandığını bildirib. Onun sözlərinə görə, “bu gün keçirilən Azərbaycan Silahlı Qüvvələr Gününün 102-ci ildönümü daha təntənəli keçirimək istəyirdik, lakin dünyada tüğyan edən koronavirus infeksiyasından ehtiyat etdik. Biz tədbirdə yalnız şəhidlərin xatirəsini yad etdik və onların ailələrinə səbr dilədik və onları narahat edən problemlərin həlli üçün şəhid ailələrinin hər biri ilə ayrı-ayrılıqda görüşüb söhbət etdik”.

 Hərbi attaşe polkovnik-leytenant Fuad İbrahimov qeyd edib ki, dünyada, eləcə də həm Azərbaycanda, həm də Gürcüstanda gözəgörünməz koronavirus infeksiyası yox olandan sonra Azərbaycan Silahlı Qüvvələr Günü təntənəli şəkildə qeyd olunacaq.

GAXA.ge