Parlament cərimələrə yenidən baxacaq

Gürcüstan parlamenti fövqəladə vəziyyət rejiminin pozulmasına görə cərimələrə yenidən baxmaq niyyətindədir. GAXA-nın məlumatına görə, bu barədə parlament çoxluğunun lideri, parlament sədrinin müavini Mamuka Mdinaradze bildirib.

M. Mdinaradzenin sözlərinə görə, Gürcüstan Parlamenti fövqəladə vəziyyət rejimini və komendant saatını pozduğuna görə tətbiq olunan cərimələrin miqdarını nəzərdən keçirəcək.

Fövqəladə vəziyyət rejimini və komendant saatı qaydalarını pozduğuna görə cərimələr az olacaq, amma parlament onları tamamilə ləğv etmək niyyətində deyil.

Eyni zamanda, Mdinaradze vurğulayıb ki, heç kimin cərimələri tamamilə ləğv olunmayacaq, çünki əhali bunu təhdidin keçdiyini göstərən əlamət kimi qəbul edə bilər və bu da öz növbəsində ölkədə koronavirusun ikinci dalğasının yaranmasına səbəb ola bilər.

"Lakin digər tərəfdən, 3 min lari çox olduğu aydındır, əhalinin 90% -i belə cəriməni ödəyə bilməyəcək. Buna əsaslanaraq ortalama bir qərar verməliyik",- deyə Mdinaradze bildirib.

Deputatın sözlərinə görə, cərimələrin nə qədər "kəsiləcəyi" müzakirə olunmaqda davam edir.

Müxalif "Avropa Gürcüstanı" partiyasına görə, fövqəladə vəziyyət zamanı verilən cərimələrin ümumi miqdarı 25 milyon larini (7,8 milyon dollar) aşıb.

Martın 21-dən mayın 23-dək Gürcüstanda fövqəladə vəziyyət zamanı cəmi 7,777 cərimə verilib. Fövqəladə vəziyyət və komendant saatı qaydalarını pozduğuna görə cərimə üç min lari (937,5 dollar), hüquqi şəxslər üçün 15 min (təxminən 4,7 min dollar) təşkil edir.

"Avropa Gürcüstanı" nın liderlərindən biri Sergi Kapanadzenin sözlərinə görə, keçən həftə hökumətə bu cərimələri ləğv etməyi təklif etdilər, buna baxmayaraq heç bir reaksiya olmadığı üçün partiya təşəbbüsü qanun layihəsi olaraq parlamentdə qeyd etmək qərarına gəlib.

GAXA.ge