Gürcüstan parlamenti məhdudiyyətlər haqqında qanun layihəsini üçüncü oxunuşda təsdiqləyib

Gürcüstan hökuməti fövqəladə vəziyyət elan etmədən ölkədə məhdudlaşdırıcı tədbirlər həyata keçirə biləcək. GAXA-nın məlumatına görə, Gürcüstan parlamenti “İctimai səhiyyə haqqında” qanuna dəyişiklik layihəsini üçüncü oxunuşda təsdiqləyib. Qanuna 81 deputat səs verib.

Qanunda edilən dəyişikliklər düzəlişlərlə təsdiqlənib. Üçüncü oxunuşda təsdiqlənən qanun layihəsinin keçid müddəasında məhdudlaşdırıcı tədbirlərin 15 iyul 2020-ci ilə qədər mümkün olacağı yazılıb.

Qanunvericiliyə görə, karantin tədbirləri yeni bir şəkildə müəyyən edilir və hərəkət, iqtisadi fəaliyyət, mülkiyyət hüquqları, toplaşma, əmək və digər hüquqların məhdudlaşdırılması ilə əlaqəli tədbirləri də əhatə edir.

Qanun layihəsinin təşəbbüskarları Dmitri Xundadze, İlya Nakaşidze, Vladimir Kaxadze, Zurab Xaçidze, Koba Nakaidze və Dmitri Mxeidzedir.

GAXA.ge