Tiflis-Rustavi arasında yeni avtobuslar işləyəcək

Tiflis-Rustavi arasında yeni rahat və nizamlı ictimai nəqliyyat vasitəsi işləyəcək. GAXA-nın məlumatına görə, bu barədə Tiflis meri Kaxa Kaladze paytaxt hökumətinin bugünkü iclasında bildirib. Mer Kaxa Kaladze müavini Maia Bitadzeyə avtobus marşrutlarının ideal planını ən qısa müddətdə təqdim etməyi tapşırıb.

Kaladzenin sözlərinə görə, hər gün 30.000 insan avtobusla Tiflisdən Rustaviyə gedir, buna görə hökumətin bu insanlar üçün ictimai nəqliyyatla təmin etməsi vacibdir.

“Hər gün 30 min insan Tiflisdən Rustaviyə və Rustavidən Tiflisə gəlir. Buna görə paytaxt hökumətinin bu insanları ictimai nəqliyyatla təmin etməsi vacibdir. Tiflis ilə Rustavi arasında ictimai nəqliyyatın olmaması Tiflisə işləməyə gələn və hər gün Rustaviyə qayıdan insanlar üçün ciddi bir narahatlıq yaradır. Bir çox tələbə də Rustavidə yaşayır və düşünürəm ki, bu qərar onlar üçün yaxşı xəbər olacaq",-deyə mer bildirib.

Qeyd edək ki, Rustavi paytaxt şəhəri Tiflisdən 33 kilometr məsafədə yerləşir. Geostat-a görə, şəhərdə 128 mindən çox insan yaşayır.

Fövqəladə vəziyyət elan olunmazdan əvvəl mikroavtobuslar şəhərlər arasında hərəkət edirdi. Ötən ilin sonunda gediş dəyəri 1,5 laridən 2 lariyə qədər artdı. Tiflis meriyasının gələcək planlarına görə, Gürcüstan paytaxtı Rustavi ilə metro ilə birləşdirilə bilər.

GAXA.ge