Marneulidə həyat öz axarı ilə gedir

Mayın 18-dən etibarən Marneuli bölgəsi artıq karantin zonası deyil, maşınların hərəkət məhdudiyyətləri aradan qaldırılıb. GAXA-nın məlumatına görə, bu günə qədər Marneuli rayonunda Ədliyyə Evi, kənd təsərrüfatı bazarları, banklar, müxtəlif mağazalar fəaliyyətə başlayıb. Restoran və kafelər müştərilərdən sifarişlər almağa başlayıb. Rayonda kənd təsərrüfatı sahələri yüksək keyfiyyətlə becərilir, əldə edilən məhsullar ölkənin bazarlarında satılır.

Marneulidə martın 22-də sərt karantin rejimi epidemioloji vəziyyətin pisləşdiyinə görə elan edilib. Pandemiya zamanı burada COVID-19 infeksiyası ilə bağlı 29 hadisə qeydə alınıb, 17 nəfər sağalıb. Ölüm hadisələri qeydə alınmayıb.

Marneuli rayonu Tiflisdən 30 kilometr məsafədə yerləşir. Əhalisi 100 min nəfərə yaxındır, onlardan 83,1% -i etnik azərbaycanlılardır.

Xatırladaq ki, Gürcüstanda 713 nəfərə koronavirus diaqnozu qoyulub. Gürcüstan hökumətinin stopcov.ge saytının məlumatına görə, 475 nəfər sağalıb, 12 nəfər dünyasını dəyişib, 3519 nəfər karantin rejimindədir, xəstəxanalarda 351 xəstə müşahidə altındadır. Həmçinin, üç Gürcüstan vətəndaşı koronavirus diaqnozu ilə xaricdən vətənlərinə köçürülüb.

Martın 21-də Gürcüstanda Koronavirus pandemiyası ilə əlaqədar bir aylıq fövqəladə vəziyyət elan edilib. Hökumət daha sonra fövqəladə vəziyyət rejimini 22 maya qədər uzadıb.

Gürcüstanda ilk koronavirus hadisəsi fevralın 26-da qeydə alınıb. Martın 31-dən etibarən ölkə daxilində karantin rejimi qüvvədədir. Axşam saat 21: 00-dan səhər saat 06: 00-a qədər komendant saatı da tətbiq olunub.

GAXA.ge