Baş nazir: “Gürcüstana artıq fövqəladə vəziyyət və komendant saatı lazım deyil”

Gürcüstanda fövqəladə vəziyyət mayın 22-dən qaldırılacaq. GAXA-nın məlumatına görə, bunu  mayın 19-da Kaxetidə olan baş nazir Qiorqi Qaxaria  jurnalistlərə verdiyi müsahibədə təsdiqləyib.

Bununla yanaşı, o, ölkədə koronavirusun yayılmasının qarşısını almağa yönəlmiş müəyyən məhdudiyyətlərin tətbiq olunacağını qeyd edib. Baş nazir, həmçinin fövqəladə vəziyyət rejiminin qaldırılmasından sonra vətəndaşları məhdudiyyət və mütəxəssislərin tövsiyələrinə əməl etməyə çağırıb.

“Biz bütün məhdudiyyətləri düşünmədən qaldıraraq ölkəni, hər bir vətəndaşı və ölkənin iqtisadi dirçəlişini riskə atsaq, uğurumuzun qiyməti sıfıra enəcəyini anlamalıyıq.

Buna görə də bu məhdudiyyətlərə ehtiyacımız var, amma fövqəladə vəziyyət və komendant saatı lazım deyil, bu məhdudiyyətlərin məqbul, təsirli və konkret hədəflərə yönəldilməsi üçün parlamentə müraciət etdik", deyə baş nazir bildirib.

Gürcüstan hökuməti ölkədə fövqəladə vəziyyət elan etmədən və parlamentin icazəsi olmadan məhdudlaşdırıcı tədbirlər tətbiq etməyə imkan verən qanunvericiliyə dəyişiklik təklif edib.

GAXA.ge