İki gün ərzində Marneulidən təxminən 250 ton tərəvəz ixrac edilib

Aprelin 22-də Marneuli Bələdiyyəsinin Şulaveri inzibati ərazisində onlarla yerli sakin karantinin qaldırılmasını və ticarətin bərpa edilməsini tələb edərək mərkəzi yolu bağlamışdılar. Sakinlər kənd təsərrüfatı məhsullarını satmaqda yerli hökumətdən kömək istəyiblər. Həmçinin, bölgədə nəqliyyat vasitələri ilə hərəkət etmək hüququnu da tələb ediblər. GAXA-nın məlumatına görə, Şulaveridəki etiraz aksiyasından sonra rəsmi şəxslər və əlaqədar təşkilatlar cəmiyyəti narahat edən problemlərlə bağlı müəyyən tədbirlər həyata keçirməyə başlayıblar.

Azərbaycanlıların kompakt yaşadığı Marneulidə azərbaycanlıların becərdikləri tərəvəz məhsulları şirkətlər tərəfindən alınmağa başlanılıb.

Rəsmilərin bildirdiyinə görə, iki gün ərzində müxtəlif şirkətlər becərilən məhsulları satın alaraq Tiflisə və digər şəhərlərə aparıblar.

Ekologiya və Kənd Təsərrüfatı Nazirliyinin verdiyi məlumata görə, son iki gündə Marneulidən satışa 250 tona yaxın tərəvəz alınmışdır.

“Məhsulun təhvil verilməsi prosesi hüquq mühafizə orqanları və yerli bələdiyyənin müvafiq xidmətləri tərəfindən idarə olunur. Məhsulun alışı zamanı sosial məsafə qorunur, yerli sakinlərə isə geyim forması verilib ”, - deyə nazirlikdən bildirilib.

Hazırda becərilən məhsul əhalinin həyətyanı sahələrindən alınır və bir çox kəndlərin sakinləri becərilən məhsulun həyətlərdə qalmadığını və  bir neçə şirkət nümayəndələrinin  kənd təsərrüfatı məhsullarını hər gün aldıqlarını bidiriblər.

Bələdiyyə ərazisindən kənd təsərrüfatı məhsulları ilə yüklənmiş nəqliyyat vasitələrinin hərəkəti Daxili İşlər Nazirliyinin müvafiq xidmətlərinin iştirakı ilə həyata keçirilir.

Qeyd edək ki, ölkədə qadağaların tədricən aradan qaldırılması aprelin 27-də başlayacaq.

GAXA.ge