İftixar Piriyev: “Əlimdən yalnız sizlərə təsəlli vermək, bununla da sizlərə mənəvi ruh, qida vermək gəlir!”

Azərbaycanda fəaliyyət göstərən Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktori İftixar Piriyev Gürcüstan Azərbaycanlılarının Xəbər Agentliyinə (GAXA.ge) məktub ünvanlayıb. Uzun illərdir ki, onunla dostluğumuz davam edir. Dəyərli və ürəkli əziz dostum əslən Qaraçöp elindəndir. O, həmişə anadan olduğu Qaraçöp mahalı ilə fəxr edib və anadan olduğu Gürcüstanı həmişə sevib və ona sadiq olub. O, həmişə yazılarında Azərbaycan və Gürcüstan dostluğunu tərənnüm edib. Həm şair kimi, həmdə istedadlı aktyor kimi hər iki ölkəyə şeirlər və poemalar, qoşmalar qoşub, hər iki ölkənin ab-havası ilə nəfəs alıb. Bu gün isə o, çətin günlərimizdə  bizə müraciət edir: “Bütün ruhum, bütün qəlbim, varlığım sizlərin hər biri ilə vəhdətdədir!”

Onun bizə ünvanladığı məktuba isə biz təəccüblü baxmırıq. Bu məktubun hər sözü və cümləsi sevgidən, istəkdən yaranıb. Bu xoş sözlər üçün İftixar müəllimə təşəkkürümüzü bildiririk. Məktubu sizlərə təqdim edirik, əziz oxucularımız.

 Nizami Məmmədzadə, əməkdar jurnalist

 

İftixar Piriyev yazır: “Əziz gürcüstanlı soydaşlarım, əziz eloğlularım, tarixən, həmişə çətin anlarda xalqımızla həmrəy olan əziz gürcü xalqı! İndi biz hamımız, bütün dünya xalqları tarixi gerçəkliyin çətin günlərini yaşayırıq! Bütün dünyanı cənginə almış, ağır fəsadları ilə insanlığa qənim kəsilən Covid-19 virusunun öldürücü bəlasından xilas olmaq üçün bütün dünyanın mücadilə apardığı bir zamanda əlimdən yalnız sizlərə təsəlli vermək, bununla da sizlərə mənəvi ruh, qida vermək gəlir! Bu məqamda 1989-cu ilin 9 aprel faciəsi zamanı doğulub boya-başa çatdığım Qaraçöpün bağlı olduğu Saqareco rayonunun mərkəzi küçələrini bir qrup eloğlularımla birgə qərənfil yağışına tutduğumuz günlər xatirimə gəlir. Biz o zaman gürcü xalqının başına gətirilən o ağır faciəni öz faciəmiz kimi qəbul etdik və dərhal Gürcüstanla, gürcü qardaşlarımızla bir yerdə olmağa, onların ağır günündə onları tək buraxmamağa çalışdıq! Lakin təssüflər olsun ki, indi, bu ağır günlərdə Gürcüstana gəlmək memkün deyildir! Lakin əmin olun ki, bütün ruhum, bütün qəlbim, varlığım sizlərin hər biri ilə vəhdətdədir! Mən əminəm ki, bütün dərdlərin dərmanını öz zəkası ilə kəşf etmək qüdrətində olan insan fenomeni tez bir zamanda bu bəlanın da çarəsini tapacaq, öhdəsindən gələcək və insanlığın xilasına nail olacaq! O vaxt biz yenə də qovuşacağıq! Və yeni yaşam sistemi ilə birləşəcəyik! Xalqlarımız arasındakı dostluğun yeni erasına qədəm qoyacağıq! O günlərin yaxında olduğuna inam hissi ilə hər birinizi bağrıma basıb öpürəm və uca səslə sizlərə, Tkveni cirime! - Sizə qurban olum! - deyirəm.

Hörmətlə, sizin İftixar!

GAXA.ge