Tamaz Naveriani : “Marneulidə ərzaq çatışmazlığı yoxdur; digər tədbirlər davamlı olaraq həyata keçirilir”

Marneulidə ərzaq çatışmazlığı yoxdur. Marneuli munitsipalitetində xüsusi karantin rejiminə baxmayaraq strateji obyektlər hökumət tərəfindən hazırlanmış tövsiyyələri tam şəkildə həyata keçirirlər. GAXA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Gürcüstan parlamentinin deputatı Tamaz Naveriani bildirib. Onun sözlərinə görə, “vacib strateji obyektlərdə mərkəzi və yerli hakimiyət nümayyəndələri tərəfindən monitorinqlər də aparılır. Bu gün Marneuli un fabrikasının istehsal prosesini və şəhərdəki böyük ticarət mərkəzlərinin fəaliyyətini izlədik”.

Tamaz Naveriani bildirib ki, bələdiyyənin ərzaqla təmin olunmasında problem yoxdur. “Bütün şəbəkələr, böyük mağazalar problemsiz işləyir və ehtiyac duyduqları materialları təcili olaraq gətirirlər.

Deputat qeyd edib ki, hazırda hökumət tərəfindən davamlı məlumat kampaniyası aparılır: “Koronavirus ilə bağlı geniş miqyaslı məlumat kampaniyasının davam etdiyini də bildiririk. Bələdiyyədə yaşayan etnik azlıqlar üçün məlumatlar ana dilində nəşr olunan broşuralar və xüsusi qəzetlər vasitəsilə yayılır”.

Naveriani qeyd edib ki, koronavirusa qarşı dezinfeksiya işləri yalnız Marneulidə deyil, kəndlərdə də davamlı şəkildə həyata keçirilir: “Marneuli küçələrində və bələdiyyənin kəndlərində dezinfeksiya işləri də davam etdirilir. Profilaktik tədbirlər çərçivəsində 4-cü gündür ki, bələdiyyə daxilində əhalinin istilik ölçülməsi də fəal şəkildə aparılır. Bu vaxta qədər 60.000-ə qədər vətəndaş müayinədən keçib. Bələdiyyədəki mövcud vəziyyəti nəzərə alaraq bütün istiqamətlərdə tədbirlər görülür və bu davamlı şəkildə həyata keçiriləcək”.

 GAXA.ge