Keçmiş deputat : “Marneulidə koronavirusa yoluxmuş bir qadın təxminən 1,7 min insanla təmasda olub”

“Marneulidə 1.7 min nəfər koronavirusa yoluxan qadınla təmasda olub və onlar yoxlanılmalıdır”. GAXA-nın məlumatına görə, bu barədə "Gürcü Arzusu" partiyasından olan keçmiş deputat Akaki Zoidze Gürcüstanın İctimai Televiziyasında bildirib.

Martın 23-nə keçən gecə Gürcüstan hökuməti Marneuli və Bolnisi bələdiyyələrinə sərt karantin rejimi tətbiq etmək qərarına gəlib. Qərar, infeksiya mənbələri müəyyən edilə bilmədiyi Marneulidə koronavirus yoluxmuş bir qadının müəyyən edildikdən sonra qəbul edilib. Buna görə epidemioloqlar bunu daxili ötürmə hadisəsi adlandırıblar. Mütəxəssislər, infeksiyanın Azərbaycandan qonaqlar da daxil olmaqla bir neçə yüz adamın qatıldığı ayin tədbiri zamanı meydana gəldiyini ehtimal edirlər.

 Zoidzenin sözlərinə görə, 1,7 min nəfərdən 90-ı yoluxmuş qadınla birbaşa təmasda olub.

"Bu, Marneuli və Bolnisidə olduqca problemli bir məsələdir. 1.7 min insan bu 90 nəfərin növbəti dalğasıdır və hamısını müayinə və daha təcrid etmək lazımdır",- deyə Zoidze vurğulayıb.

Hazırda Marneuli və Bolnisi bələdiyyələrinə gediş-giriş bağlandıqdan sonra epidemioloqlar epidemiyanın yayılmasını dayandırmağa çalışırlar. Marneuli rayonunda təxminən 130 min, Bolnisi bölgəsində isə 80 min insan yaşayır. Hər iki bələdiyyə Kvemo Kartli bölgəsinin bir hissəsidir və əsasən etnik azərbaycanlılar yaşayır.

 Bu ərazilərin sakinlərinə ərazini iki həftə tərk etmək qadağandır. Həkimlər hər ailəyə baş çəkib sağlamlıq vəziyyətlərini yoxlamağı planlaşdırırlar. Yerli vətəndaşlarda temperatur müəyyən edilərsə, onlar karantinə və ya xəstəxanaya aparılacaqlar.

 Qeyd edək ki, 21 mart - 21 aprel 2020-ci il tarixləri arasında bütün Gürcüstan ərazisində fövqəladə vəziyyət elan edilib. Məlumata görə, ölkə şəhərləri arasında bütün növ şəhərlərarası nəqliyyatın hərəkəti qadağan edilib.

 P.S. Keçmiş deputat Marneulidə koronovirusa yoluxmuş qadının 90 nəfərlə təmasda olduğunu bildirib və onun təmasda olduğu insanların dalğasının 1.7 min nəfərə çatacağını qeyd edib. GAXA-nın məlumatına görə, qadının təşkil etdiyi ildönüm mərasimində cəmi 200 nəfər iştirak edib. Təəccüblüdür, keçmiş deputat 1,7 min nəfərin sayını necə müəyyən edib?

 GAXA.ge