Gürcüstan sərhəddə karantin zonaları yaradır

Qurumlararası Koordinasiya Şurasının iclası keçirilib. GAXA-nın məlumatına görə, iclasda koronavirusa yoluxmuş xəstələrin sağlamlıq durumu müzakirə edilib. Üç xəstənin artıq sağaldığı və xəstəxananı tərk etdiyi qeyd edilib. Ümumdünya Səhiyyə Təşkilatının qurduğu protokola uyğun olaraq özünü təcrid etmək tövsiyə edilib.

Milli Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri izah edib ki, xəstəliyə yoluxanların ümumi sayı 54 nəfərdir (onlardan 3-ü sağalıb), əksəriyyəti qənaətbəxş vəziyyətdədir.

Mərkəz rəhbərinin sözlərinə görə, infeksiyanın bütün hallarının mənbəyi məlumdur, bu da prosesi idarə etməyə kömək edir.

İclasda dünyadakı ümumi epidemioloji tendensiyalar və səhiyyə sisteminin hazırlıq səviyyəsi müzakirə edilib. Qeyd edilib ki, dünya praktikasında zəruri hallarda və xəstələrin sayının sürətlə artması halında epidemioloqlar evdə müalicə imkanlarını nəzərdən keçirirlər.

İclasda qeyd edilib ki, Gürcüstan sərhəddə əlavə karantin zonaları yaradır. Bildirilib ki, ölkəyə daxil olan vətəndaşlar birbaşa karantində yoxlanılacaq.

 GAXA.ge